Erməni əsirin görüntülərini yayan hərbçilər niyə cəzalandırıldılar? - TƏHLİL

Xəbər verildiyi kimi, erməni diversantın görüntülərini yayan hərbçilər ordudan xaric ediliblər. Bu xəbər sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan birinə çevrilib.
Həmin hərbçilərin ordudan xaric edilməsini qanuni hesab edənlərlə yanaşı, bunun əksini düşünənlər də var. Belə ki, onlar cəbhənin Goranboy istiqamətində Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupunun rəhbəri, baş leytenant Qurgen Alaverdiyanın tutulmasında iştirak edən hərbçilərin Baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun əmri ilə ordudan qovulduğunu bildiriblər. İddialara görə, həmin hərbçilər nizamnaməni pozmaq və orduda qadağan olunmuş smartfonlardan istifadə bəhanələri ilə cəzalandırılıblar.
Bununla bağlı Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, sosial şəbəkələrdə guya erməni kəşfiyyatçısını tutduqlarına görə xidmətdən ehtiyata buraxılan hərbi qulluqçular barədə yayılan əsassız iddia yalandır, böhtan xarakteri daşıyır.
“Qeyd edirik ki, bəzi hərbi qulluqçular Azərbaycan Ordusunda smartfon tipli mobil telefonlardan istifadənin qadağan edilməsi barədə müvafiq əmrin tələblərini kobud şəkildə pozublar. Belə ki, həmin hərbi qulluqçular ələ keçirilən erməni kəşfiyyatçısının foto və video görüntülərini çəkərək yaxın qohumlarına göndərməklə görüntülərin sosial şəbəkələrdə yayılmasına şərait yaradıblar.
Faktla bağlı aparılan ilkin araşdırmaların nəticələrinə əsasən günahkar hərbi qulluqçular xidmətdən ehtiyata buraxılıb və toplanan materiallar hüquqi qiymət verilməsi məqsədilə Hərbi Prokurorluğa göndərilib”- deyə, Müdafiə Nazirliyindən bildiriblər.
Milli Məclisin deputatı, professor Rüfət Quliyev məsələ ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, düşmən müxtəlif vasitələrlə bizdə olan vacib məlumatı əldə etməyə çalışır. Buna görə də hərbi qulluqçular bütün məsələlərdə ayıq-sayıq olmalıdırlar:
“Müharibə vəziyyətində olan bir dövlət kimi, daha diqqətli olmalıyıq. Çünki düşmən müxtəlif vasitələrlə bizdə olan vacib məlumatı əldə etməyə çalışır. Buna imkan yaratmaq olmaz. Dövlətin ərazi təhlükəsizliyini təmin edən hərbi qulluqçular bütün məsələlərdə ayıq-sayıq olmalıdırlar”.
Millət vəkili cəbhə bölgəsində smartfonlardan istifadə edilməsinin düzgün olmadığını da vurğulayıb:
“Hərbi qulluqçulara ailə üzvləri, tanışları, yaxınları ilə əlaqə saxlamağa sadə telefonlarla şərait yaratmaq lazımdır. Bu şərait təmin olunduğu halda, hərbçinin smartfondan istifadə etməsinə ehtiyac qalmır. Ümumiyyətlə, cəbhə bölgəsində smartfonlardan istifadə etmək olmaz”.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov məsələ ilə bağlı 1news.az-a açıqlamasında sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumat yayanları tənqid edərək, onları ilk növbədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatı əsas götürməyə çağırıb:
“Son zamanlar sosial şəbəkələrdə erməni zabiti ələ keçirən hərbçilərlə bağlı müxtəlif fikirlər səsləndirilir. Dəfələrlə demişəm ki, Ordu, cəbhə bölgəsi, Qarabağdakı fəaliyyətlə bağlı həqiqətə uyğun olan, ilk növbədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatı əsas götürməli, onun əsasında fikir söyləməliyik.
Məndə olan məlumata görə, təxris olunan hərbçilər bəzi sosial şəbəkələrdə qeyd edildiyi kimi, həmin əməliyyatı keçirən, erməni zabitini ələ keçirən hərbçilər yox, sadəcə həmin ərazidə xidmət edən hərbçilərdir. Onlar Müdafiə nazirinin smartfon telefonlardan istifadənin qadağan olunması ilə bağlı əmrini kobudcasına pozaraq həmin məlumatı sosial şəbəkələrdə yayıblar.
Digər məsələ həmin hərbçilərin Ordudan Baş qərargah rəisinin əmri ilə uzaqlaşdırılması ilə bağlıdır. Qeyd etmək istəyirəm ki. həmin hərbçilərin təxris olunması birləşmə komandirinin səlahiyyətində olduğu üçün onun əmri əsasında da təxris olunublar”.
Ş.Ramaldanov Müdafiə nazirinin müvafiq əmrinə əsasən smartfon telefonların hərbi hissə ərazisində istifadəsinin qəti qadağan olunduğunu diqqətə çatdırıb:
“İstər hərbi hissələrdə xidmət edən hərbçilər, istərsə də hərbi hissələrdə işləyən mülki şəxslərin hamısı xəbərdardır ki, artıq bir neçə ildir ki, Müdafiə nazirinin müvafiq əmrinə əsasən smartfon telefonların hərbi hissə ərazisində istifadəsi qəti qadağandır. Buna baxmayaraq bəzi hərbçilər özləri ilə hərbi hissəyə smartfon telefon keçirərək ondan istifadə edirlər. Sual olunur ki, həmin hərbçilər qadağanı bildikləri halda hansı məqsədlə hərbi hissədə, səngərdə smartfon telefondan istifadə edilər?
Ş.Ramaldanov cəbhə bölgəsi, hərbi məsələlərlə bağlı məlumatlardan düşmənin öz xeyrinə istifadə etdiyini də söyləyib:
“Cəbhə bölgəsində qanunsuz olaraq çəkilib sosial şəbəkələrdə yayılan məxfi məlumatlar düşmən tərəfindən ələ keçirilərək onların baş leytenantının hansı şəraitdə və harada əsir götürüldüyündən xəbərdar olublar. Buna görə də bu məsələyə hər birimiz təmkinli və obyektiv yanaşmalı, cəbhə bölgəsi ilə bağlı hər hansı bir məlumat yayarkən diqqətli olmalıyıq”.
1news.az