Deputat: “Metroda qaydalara riayət etmək lazımdır ki, yoluxma sayı artmasın” | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat: “Metroda qaydalara riayət etmək lazımdır ki, yoluxma sayı artmasın”

12:27 - 15 / 09 / 2020
Deputat: “Metroda qaydalara riayət etmək lazımdır ki, yoluxma sayı artmasın”

Koronavirus pandemiyasının qarşını almaq üçün atılan addımlar səbəbindən metronun bağlı olması paytaxt sakinlərini narazılığına səbəb olurdu. Nəhayət ötən gün - sentyabrın 14-də Bakı metropoliteni 72 gün aradan sonra qapılarını sərnişinlərin üzünə açdı.

Bakı Metropolitenindən bildiriblər ki, yeni növ koronavirus ("COVID-19") pandemiyasının yayılmasının qarşısını almaq və insanların sağlamlıq təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası ərazisində elan edilmiş xüsusi rejimli karantin müddəti başa çatana qədər Bakı metropoliteninin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları, tapşırıq və tövsiyələrinə uyğun təmin ediləcək. Yəni, metrodan istifadəyə icazə verilsə də, karantin qaydalarına riayət etmək lazımdır.

Məsələ ilə bağlı 1news.az-a danışan deputat Elman Nəsirovun sözlərinə görə, sevindirici haldır ki, hazırda ölkəmizdə koronavirus pandemiyasından sağalma yoluxmanı üstələyib. Çalışmalıyıq ki, bu proses davam etsin:

“Bu çox müsbət tendensiyadır. Operativ Qərargah da bunu qeyd etmişdi ki, oxşar vəziyyətdə yumşalma tətbiq ediləcək, əks təqdirdə karantin rejiminin sərtləşdirilməsi tətbiq olunur. Biz elə etməliyik ki, heç bir halda yoluxma sağalmanı üstələməsin, əks proses olsun, yəni sağalanların sayı çox olsun. Bu isə yeni-yeni yumşalmalar deməkdir.

Sentyabr ayının 14-dən başlayaraq Bakı metropolitenin də işi bərpa olunub. Təbii ki, bir sıra suallar meydana çıxır, necə edilməlidir ki, metroda insanların yoluxması artmasın? Analoji hadisə bir dəfə baş vermişdi, metor açıldı, yoluxma faizi artdı. Ona görə də hesab edirəm ki, bu gün metrodan istifadə edən sərnişinlər olduqca ehtiyatlı olmalıdır. İlk növbədə məlum tələblərə əməl edilməli, birmənalı şəkildə maskadan istifadə olunmalı, sosial məsafə qorunmalı və dezinfeksiya etmək üçün məhsullardan istifafə edilməlidir.

Metrodan istifadə edənlərin nizam-intizamı, qaydalara riayət etməsi istənilən səviyyədə olmasa bu, yenə də yoluxma sayının artmasına gətirib çıxara bilər. Yoluxmaların artması isə metronun yenidən bağlanmasına səbəb ola bilər. Buna yol verilməsin deyə hər birimizdən böyük məsuliyyət tələb olunur”.

Deputat bildirib ki, metropolitenin açılması nəqliyyatın hərəkətinə birbaşa təsir edib:

“Metropoliten gün ərzində milyonlarla insanın daşınmasını həyata keçirir. Metronun fəaliyyət göstərmədiyi müddətdə insanlar yerüstü nəqliyyat vasitələrindən istifadə etməyə məcbur idilər. Bu müddətdə avtobuslarda sıxlığın olduğunu müşahidə etdik, insanlar maskalardan istifadə etsələr belə, sosial məsafəni gözləmək başqa bir problemə çevrilir. Milyonlarla insanın daşınmasını həyata keçirən metro bağlı olursa, bu sərnişinlər avtobuslara yönəlirdi, bu da sıxlığa səbəb olurdu.

Avtobusların tutum imkanlarını nəzərə alsaq, nə qədər məsuliyyətli olsan, nizam-intizamlı olsan belə sosial məsafənin gözlənilməsi mümkün olmur. Hesab edirəm ki, metropolitenin işə başlaması sərnişin daşınmasında çox böyük rol oynayır. Bu da insanların rahatlığı deməkdir. Lakin qaydalara riayət etmək lazımdır ki, yoluxma sayı artmasın”.

Qafar Ağayev

Paylaş:
700

Son xəbərlər

Bütün xəbərlər