Böyük ürəkli Hikmət babanın verdiyi “180 manatlıq dərs” – FOTO - VİDEO

Hazırda hər kəs cəbhədə yaranan vəziyyətə görə fərqli duyğular yaşayır. Bütün hisslər qarışıb bir-birinə. Torpaqlarına qayıdacaqları üçün sevinənlər də var, müharibə olduğuna, itkilərimizə görə üzülənlər də. Kimlərsə sevincdən ağlayır, kimsə də kədərdən...
Döyüşlər başlayanda çoxlarında narahatlıq, qorxu yaransa da, son günlər bu hissləri sevinc, qürur, fəxr və başqa müsbət duyğular əvəzləməyə başlayib. Belə çətin günlərdə Azərbaycan xalqının mərdliyi, birliyi, cəsarəti hər kəsi daha da fərəhləndirir. Cəbhədə döyüşlər başlayan gündən müxalifəti, iqtidarı, kasıbı, varlısı, ləzgisi, talışı, yəhudisi, türkü hamı birləşib torpaqlarımıza görə vuruşan hərbçilərimiz üçün əlindən gələni etməyə çalışır. Əsgərlər üçün öz puluyla kabab bişirib onlara paylayan, 1000 dənə kotlet bişirib, çörəyin arasına qoyub onlara yollayan, hərbçilərin rahat hərəkəti üçün orduya "Niva" bağışlayan, evini satıb pulunu Silahlı Qüvvələrin Yardım fonduna bağışlayan belə var.
Bütün bu sadalanan hərəkətlər örnək davranışlardır, təqdirəlayiqdir, amma ötən gün yaşanan olayın yeri başqadır. Belə ki, "Asan Xidmət"in əməkdaşı Orxan Cəfərov yazır:
"Bu gün səhər iş yenicə başlamışdı ki, bir qoca baba yaxınlaşdı mərkəzə. Hansı xidmətə gəldiyini soruşdum. Dedi ki, cəbhədəki əsgərlərimizə yardım etməyə gəlmişəm. 180 manat pulum var, bunu onlara vermək istəyirəm". Bu sözlərdən sonra donuq ifadə ilə ağsaqqal kişinin üzünə baxırdım. Qayıtdı ki, azdı? Dedim, "ay baba, sənin ürəyinə qurban olum. Az deyil, dünya qədərdi bu...
Növbəsini götürüb xidmət pəncərəsinə yaxınlaşanda ayağındakı ayaqqabıları ürəyimi dağladı. Hər iki ayaqqabısı ortadan bölünmüşdü. Amma nə qədər böyük ürəyi vardı ki, bu yağışlı, soyuq havada ayağına ayaqqabı almağa qıymayıb, əsgər balalarına ianə göndərirdi. Sonda "Əsgərə məktub" da yazıb getdi. Pulu ödədikdən sonra babanın üzündəki qüruru görməyə dəyərdi".
Bu olay xalqmızın birliyinə, mərdliyinə şübhə ilə yanaşanlarda, sanki, "şok" effekti yaratdı. Ötən günün ən təsirli hadisəsi bu idi və yazını paylaşan hər kəs kasıb yaşlı dayının zəngin ürəyindən yazırdı. Hərəkəti ilə könülləri fəth edən kişi bir daha sübut etdi ki, bu vaxta qədər bizdə birlik olmadığını düşünməklə özümüzə haqsızlıq etmişik.
Döyüşü təkcə fiziki güclə, müasir silahla udmaq olmur. Qalibiyyətin əsas sirri birlik və mərdlikdir ki, o da bizim millətdə var. Cibindəki bəlkə də son pulunu öz rahatlığı üçün qıymayıb, əsgərlərə bağışlayan fərdi olan, vuruşmağa gülərək gedən milləti döyüşdə məğlub etmək olmaz.
Qeyd edək ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Şəkiyə gedərək Hikmət babanı tapıblar.
O bildirib ki, pulu balalarımız düşmən əsarətinə düşməsin deyə, Ordumuza dəstək məqsədilə ödəniş edib. Hikmət baba özü də bu dəqiqə cəbhəyə getməyə hazır olduğunu bildirib.
Nazirlik əməkdaşları babanın bütün ehtiyaclarını ödəyəcəklərini bildiriblər.
1news.az