Ermənistanın Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üçün Dövlət Komissiyası yaradılıb – Sərəncam
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üçün Dövlət Komissiyası yaradılıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Prezident İlham Əliyev “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyasının tərkibinə sədr, sədr müavini və üzvlər daxildir.
Komissiya 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək. Bundan başqa, sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan qiymətləndirmənin nəticələrinə əsasən dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.
Dövlət Komissiyası, həmçinin aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə bu sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan ziyana və onun aradan qaldırılmasına, o cümlədən zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılmasına çəkilmiş xərclərə dair vahid məlumat bazasının yaradılmasını, habelə həmin məlumatların daim yenilənməsini təmin edəcək. Eləcə də görülmüş işlər barədə ictimaiyyətin mütəmadi məlumatlandırılmasını təmin edəcək.
Xarici İşlər Nazirliyi bu sərəncamın 2.3-cü bəndində nəzərdə tutulmuş məlumatların beynəlxalq ictimaiyyətə, o cümlədən beynəlxalq təşkilatlara çatdırılması üçün tədbirlər görəcək.
Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.
S.Xankişiyeva