Cavanşir Feyziyev: “Şuşanın azad olunması Azərbaycan tarixində çox nadir hadisələrdən biridir” - VİDEO

Hazırda İngiltərədə səfərdə olan millət vəkili Cavanşir Feyziyev Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik mesajı ilə çıxış edib.
1news.az-ın xəbərinə görə, deputat bildirib ki, bu sabah xalqımızın üzünə ən xoş xəbərlə açıldı, Şuşanın 28 illik düşmən əsirliyindən azad olunması xəbəri ilə.
“Şusa 28 il ərzində düşmən əsarətində qaldı, amma Azərbaycan xalqının iradəsi sınmadı, inamı itmədi. 28 il ərzində çəkilən həsrət, izdirablar və əzablar nəhayət bu gün sevincli xəbərlə birdən-birə yox oldu. Azərbaycan xalqı bu illər ərzində öz dövləti ətrafında bir yumruq kimi birləşərək bu qələbəni hazırladı. Azərbaycan dövləti bu 28 il ərzində gücləndi, günbəgün qələbəyə yaxınlaşdı. Nəhayət Ali Baş Komandanımızın, Dövlət başçısımızın başçılığı altında Azərbaycan ordusu Şuşanı azad edəcəyi bu günə yaxınlaşdı. Və, bu gün Şuşa azaddır, Azərbaycan da azaddır. Şuşanın azad olması hər bir azərbaycanlının azad olunması deməkdir, Şuşanın azad olunması hər bir azərbaycanlının öz vətəni ilə, torpağı ilə, mədəniyyəti ilə, tarixi ilə qürur hissi ilə yaşamağını təmin edir.
Deputat bildirib ki, Şuşanın azad olunması Azərbaycan tarixində çox nadir hadisələrdən biridir.
“Son 200 il ərzində Azərbaycan ona məxsus olan torpaqları itirə-itirə gəlmişdi və nəhayət təxminən 30 il bundan öncə itirdiyimiz torpaqların hamısını biz bu gün qaytarırıq. Bu gün Azərbaycan özünə qayıdır. Şuşanın qayıtmağı ilə Azərbaycan xalqının tarixi, mədəniyyəti , qüruru özünə qayıtdı. Belə bir xoşbəxt günün bizim həyatımızda bir daha olacağına inanmıram, çünki bundan böyük xoşbətlik ola bilməz. Ona görə Azərbaycan xalqının bu gündən sonrakı həyatı yeni bir səhifədən başlayır, Azərbaycan tarixi də yeni bir səhifədən başlayır. Bu, Azərbaycan xalqının həyatında, tarixində bir dönüş nöqtəsidir. Bu elə bir dönüş nöqtəsidir ki, bundan sonra Azərbaycan xalqı ancaq inkişaf və çiçəklənmə dövrü yaşayacaq. Azərbaycanın bu gündən sonra doğulan hər bir övladı Azərbaycanla fəxr edəcək, vaxtilə düşmən əsirliyində qalıb, sonra Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqının əzmi ilə azad edilmiş Şuşa şəhəri ilə hər zaman fəxr edəcək. Bütün Azərbaycan xalqına xoşbəxtlik və səadət arzulayıram”.
Qeyd edək ki, dünyanın hər yerində olduğu kimi İngiltərədə yaşayan soydaşlarımız da qələbə sevincini Azərbaycan Səfirliyi qarşısına gələrək ifadə ediblər.
Qafar Ağayev