Türk Şurasının sammitinin keçiriləcəyi vaxt açıqlandı
Martın 31-də Qazaxıstanın Türkistan şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) qeyri-formal Sammiti keçiriləcək.
Bu barədə 1news.az-a Qazaxıstanın Azərbaycandakı Səfirliyindən məlumat verilib.
Sammit Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası Nursultan Nazarbayevin təşəbbüsü ilə baş tutacaq.
Səfirlikdən bildirilib ki, Türk Şurasına üzv olan bütün dövlətlərin başçıları və sözügedən təşkilatda müşahidəçi olan Macarıstanın Baş Naziri forumda iştirakını təsdiqləyiblər.
Sammitin sonunda Türkistanın Türk dünyasının mənəvi paytaxtı elan edilməsinə dair Bəyannamənin imzalanması gözlənilir.
Qeyd edək ki, Türk Şurası türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvüdür.