İlham Əliyev və Mehriban Əliyeva Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıblar | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev və Mehriban Əliyeva Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıblar

Qafar Ağayev17:49 - 16 / 04 / 2021
İlham Əliyev və Mehriban Əliyeva Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Eldar Tofiq oğlu Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıblar.

1news.az xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kinorejissor və ssenarist, respublika Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, professor Eldar Tofiq oğlu Quliyev 2021-ci il aprelin 16-da ömrünün 81-ci ilində vəfat etmişdir.

Eldar Quliyev 1941-ci il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1958–1959-cu illərdə “Azərbaycanfilm” kinostudiyasında rejissor köməkçisi işləmiş, 1960–1966-cı illərdə Moskvada, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kino rejissoru ixtisası üzrə ali təhsil almışdır.

Eldar Quliyev 1967-ci ildən taleyini “Azərbaycanfilm” kinostudiyası ilə bağlayaraq ömrünün sonunadək burada çalışmışdır. O, 1986-cı ildən “Azərbaycanfilm” kinostudiyası nəzdində “Debüt” eksperimental-gənclik yaradıcılıq studiyasının bədii rəhbəri olmuş, 1999-cu ildə Azərbaycan Professional Kinorejissorlar Gildiyasının prezidenti seçilmişdir.

Dünya kinematoqrafiyasının nailiyyətlərindən və qabaqcıl təcrübəsindən daim bəhrələnən Eldar Quliyev Azərbaycanın kino salnaməsinə yeni səhifələr yazmışdır. Sənətkarın ideya dərinliyi ilə seçilən, ictimai-siyasi hadisələr fonunda insan mənəviyyatının təhlilini xüsusi diqqətdə saxlayan və xeyirxahlıq, məsuliyyət, humanizm aşılayan zəngin yaradıcılığı mədəniyyətimizin qızıl fondunda layiqli yer tutur. Eldar Quliyevin “Bir cənub şəhərində”, “Sevinc buxtası”, “Babək” və “Nizami” kimi parlaq ekran əsərləri, eləcə də çox sayda digər bədii və sənədli filmləri Azərbaycan kinematoqrafiyasının nailiyyətləridir.

Məzmun rəngarəngliyi və mövzu aktuallığı, fəal vətəndaşlıq mövqeyi və müasirlik duyğusu, obrazların incə psixologizmi və hadisələrin həyatiliyi Eldar Quliyev sənətinin özünəməxsus cəhətlərini təşkil edir. Yaradıcılıq palitrası rəngarəngliyi ilə səciyyələnən sənətkar tamaşaçını ayrı-ayrı dövrlərin müasirinə çevirməyi bacarırdı. Onun xalqımızın keçmişinə ehtiram ifadə edən tarixi filmlərinin milli-mənəvi dəyərlərimizin təbliğində və gənc nəslin Vətənə sədaqət ruhunda tərbiyəsində əhəmiyyətli rolu vardır.

Böyük rejissorluq məharəti Eldar Quliyevə ölkəmizin hüdudlarından kənarda da geniş şöhrət gətirmişdir. Onun quruluş verdiyi, həmçinin ssenari müəllifi olduğu filmlər beynəlxalq kinofestivallarda Azərbaycan mədəniyyətini uğurla təmsil etmiş, sənətşünaslar və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. Eldar Quliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi uzun illər səmərəli pedaqoji fəaliyyət göstərmiş, rejissorların bir neçə nəslinin yetişdirilməsi işində qüvvəsini, bilik və bacarığını əsirgəməmişdir. Onun sənət yolu gənc kinematoqrafçılar üçün bundan sonra da örnək olacaqdır.

Eldar Quliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, “Əməkdar incəsənət xadimi” və “Xalq artisti” fəxri adlarını almış, respublika Dövlət mükafatına və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüş, müstəqil Azərbaycanın ali mükafatları olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilmişdir.

Görkəmli sənətkar, mahir pedaqoq və səmimi insan Eldar Tofiq oğlu Quliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Anar Kərimov

Emin Əmrullayev

Şəfiqə Məmmədova

Anar Rzayev

Fərhad Xəlilov

Azər Paşa Nemətov

Oqtay Mirqasımov

Rasim Balayev".

Paylaş:
561

Son xəbərlər

Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00
Bütün xəbərlər