Milli Paralimpiya Komitəsində “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına hazırlıq davam etdirilir
Milli Paralimpiya Komitəsi Tokio 2020 Paralimpiya Oyunlarına hazırlığın son mərhələsinə başlayıb. Bununla bağlı Milli Paralimpiya Komitəsində prezident İlqar Rəhimovun sədrliyi ilə iclas keçirilmişdir.
1news.az xəbər verir ki, iclas zamanı İ.Rəhimov Komitə əməkdaşlarına hazırlıqla bağlı müvafiq tapşırıqlar vermiş və eyni zamanda Tokio 2020 Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandasının şef-de missionu və onun müavinlərini təyin edilmişdir. Komitə prezidentinin qərarına əsasən Rauf Mürsəlov komandanın şef-de-missionu, Elxan Rəhimov, Azər Tapdıqov və Leyli Yusifli şef-de-missionun müavinləri təyin ediliblər.
Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandasının rəhbər heyəti:
Mürsəlov Rauf Dadaş oğlu 1987-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində tamamlamışdır. 2011-ci ildən Milli Paralimpiya Komitəsində İdman şöbəsində fəaliyyətə başlamış, hal-hazırda isə komitənin İdman şöbəsinin müdiridir. 2012 və 2016 Yay Paralimpiya Oyunlarında nümayəndə heyətinin üzvü və dəfələrlə Dünya və Avropa çempionatlarında komanda rəhbəri olmuşdur. Azərbaycan, rus və ingilis dillərində sərbəst danışır. Ailəlidir, iki övladı var.
Rəhimov Elxan İlqar oğlu 1992-ci ildə dekabrın 11-də Bakı şəhərində anadan olmuşdur. Uşaqlıqdan atletika, boks idman növləri ilə məşğul olub. 2010-cu ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub. Magistr təhsilini İsveçrənin Geneva şəhərində Webster Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə başa vurmuşdur. Rus, ingilis, fransız və türk dillərini bilir. Hal hazırda ikinci ixtisas üzrə Naxçıvan Dövlət Universitetində tələbədir, Hüquq fakültəsində təhsil alır. 2004, 2008, 2012, 2016-cı illərdə keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan heyətinin üzvü olub. Əmək fəaliyyətinə 2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məsul vəzifələrində çalışaraq başlamışdır. 2018-ci ildən Konstitusiya Məhkəməsində Beynəlxalq hüquq və beynəlxalq əməkdaşlıq şöbəsində məsləhətçi vəzifəsində çalışır. Ailəlidir, iki övladı var.
Tapdıqov Azər Elçin oğlu 01 dekabr 1993-cü ildə Şabran rayonunda anadan olmuşdur. 2011-ci ildə Bakı şəhərində 63 saylı orta məktəbi bitirdikdən sonra Baltik Beynəlxalq Akademiyasında təhsil alıb. 2015-ci ildən Komitədə İctimaiyyətlə əlaqələr və marketinq, Beynəlxalq əlaqələr və idman şöbələrində aparıcı mütəxəssis vəzifəsində çalışıb. Hal hazırda Komitənin mətbuat katibidir. Rio 2016 XV Yay Paralimpiya Oyunları və “IBSA JUDO GRAND PRIX BAKU 2019” yarışında mətbuat əlaqələndiricisi funksiyanı yerinə yetirib. Bir çox beynəlxalq paralimpiya yarışlarında komanda rəhbəri olmuşdur. İngilis və rus dillərini bilir.
Yusifli Leyli Arzu qızı 29 noyabr 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2017-ci ildə bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq münasibətlər ixtisasını, magistr təhsilini isə 2019-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və diplomatiya ixtisasında fərqlənmə ilə bitirmişdir. 2018-ci ildən Milli Paralimpiya Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Hazırda Komitənin İdman şöbəsində aparıcı mütəxəssisdir. Müxtəlif paralimpiya idman növləri üzrə milli komandaların təlim-məşq toplantıların rəhbəri olmuşdur. İngilis, rus, türk dillərini bilir.