Prezident İlham Əliyevin altı ay əvvəl “BBC News”a verdiyi müsahibə bu gün də beynəlxalq ictimaiyyətin diqqətindədir - FOTO
Bizim azad mediamız var. Bizim azad internetimiz var. İndi hərbi vəziyyətə görə bizim bəzi məhdudiyyətlərimiz var, lakin əvvəllər heç bir məhdudiyyət yox idi.
Azərbaycanda internet istifadəçilərinin sayı 80 faizdən çoxdur. Siz internetin azad olduğu, senzuranın olmadığı və 80 faiz internet istifadəçilərinin olduğu bir ölkədə medianın məhdudlaşdırılmasını təsəvvürünüzə gətirə bilərsiniz? Bizim “Facebook”da milyonlarla insanımız var. Bizdə azad medianın olmadığını necə deyə bilərsiniz? Bu, yenə də qərəzli yanaşmadır. Bu, Qərb auditoriyasında Azərbaycan haqqında bir fikir formalaşdırmaq cəhdidir. Bizim müxalifətimiz var, bizim QHT-lərimiz var. Bizdə azad siyasi fəaliyyət var. Bizdə azad media var. Bizdə söz azadlığı var. Əgər siz bu sualı qaldırdınızsa, mən də sizə bir sual verə bilərəmmi? Siz cənab Assanjla baş verənləri necə qiymətləndirirsiniz? Bu, sizin ölkədə azad mətbuatın təzahürüdür?
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Prezident İlham Əliyevin ötən il noyabrın 6-da “BBC News”a müsahibəsində səsləndirdiyi bu fikirlər sosial şəbəkələrdə geniş müzakirə olunur və artıq trendə çevrilib.
Dövlətimizin başçısının əsaslı arqumentlərlə səsləndirdiyi fikirlər ölkəmizin ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması ilə yanaşı, həm də demokratiyadan dəm vuranlara, insan haqları adı altında başqa ölkələrə təzyiq edənlərə tutarlı cavabdır: “Siz prokuror kimi danışırsınız. Niyə? Əgər siz bu qədər demokratik və obyektivsinizsə, nəyə görə Assanjı həbsxanada saxlayırsınız? Nə üçün? Siz onu jurnalist fəaliyyətinə görə həbsxanada saxlayırsınız”.
Müsahibədən altı ay keçməsinə baxmayaraq, Azərbaycan Prezidentinin bu fikirlərinin hələ də müzakirə olunması və aparıcı beyin mərkəzlərinin təmsilçiləri, müxtəlif ölkələrin parlamentariləri, siyasətçiləri tərəfindən yüksək qiymətləndirilməsi təbii ki, dövlətimizin başçısına beynəlxalq miqyasda göstərilən hörmətin və inamın təzahürü, həmçinin bu məsələnin dünyamız üçün böyük önəm daşıdığının göstəricisidir.
Prezident İlham Əliyev 44 günlük müharibə dövründə Müzəffər Ali Baş Komandan kimi həm döyüş meydanında, həm də informasiya cəbhəsində Qələbəmizi təmin etdi. Müharibə dövründə 30-a yaxın aparıcı media qurumuna müsahibələri zamanı əsl həqiqətləri, ermənilərin müharibə cinayətlərini bütün dünya ictimaiyyətinə çatdırdı. Həmçinin Prezident İlham Əliyev mütəmadi olaraq xalqa müraciətlər edirdi ki, bu da vətəndaşlarımızın ən doğru informasiyaları birinci mənbədən almasına imkan verirdi.
Qeyd edək ki, bu müsahibə ilə bağlı “Twitter”dəki paylaşımı 3 milyondan çox insan izləyib, 85 mindən çox insan isə bəyənib. Paylaşıma 3 minə yaxın şərh gəlib, 33 minə qədər insan isə videonu öz profilində paylaşıb.