Ermənilər Kəlbəcərdə hər addımbaşı mina basdırıb - Ombudsman
Kəlbəcər rayonunda yerləşən dağların ətəklərindəki qar əriməyə başladıqdan sonra belə bir mənzərənin şahidi olduq: Azərbaycanın bu əzəli torpaqları işğal altında olarkən Ermənistan silahlı qüvvələri tərəfindən yüzlərlə, hətta minlərlə mina yerləşdirilib və bu minalar sözün əsl mənasında, hər addımbaşı basdırılıb.
Bu, Ermənistanın beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmətsizliyinin daha bir əyani sübutudur. Artıq onlarla hərbi qulluqçumuz və mülki şəxslərimiz bu işarələnməmiş mina partlayışlarının qurbanı olub. Bir milyondan çox azərbaycanlı məcburi köçkün hələ də Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etməsi səbəbi ilə öz yurdlarına qayıda bilmir, belə ki onların həyat və sağlamlıqları hələ də təhlükə altındadır.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Ombudsman Aparatının yaydığı açıqlamada bildirilib.
"Bu, Ermənistan tərəfindən insan hüquqlarının kobud şəkildə pozulmasının və beynəlxalq hüquqa açıq-aşkar etinasızlığın sübutudur. Azərbaycan Ombudsmanı mütəmadi olaraq dünya ictimaiyyətinin diqqətinə yeni faktlar və sübutları çatdıraraq, işarələnməmiş minalar və onların insan həyatı üçün potensial təhlükəsi ilə bağlı narahatlığımızı bir daha təkrar edərək, müvafiq beynəlxalq strukturlardan Ermənistandan bu minalanmış ərazilərin xəritələrinin verilməsi üçün tədbirlər görmələrini tələb edir", - açıqlamada vurğulanıb.