Qarabağ Dirçəliş Fondunun fəaliyyəti “Diqqət mərkəzi”ndə – VİDEO

İctimai televiziyada yayımlanan “Diqqət mərkəzi” verilişinin növbəti buraxılışı olub.
1news.az xəbər verir ki, Heydər Mirzənin aparıcılığı ilə baş tutan veriliş Qarabağ Dirçəliş Fondunun (QDF) fəaliyyətinə həsr olunub.
Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev QDF-in fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və görülən işlərdən danışaraq, gələcək planlar barədə fikirlərini bölüşüb.
İlk olaraq “Karabakh.Center” layihəsi barədə məlumat verən R.Hacıyev bildirib ki, sözügedən internet resursunun yaradılmasında məqsəd ermənilərin işğal müddətində törətdiyi dağıntıların, vurduğu ziyanın miqyasını dünya ictimaiyyətinə çatdırmaq, bu faciələrin, vandallıqların təkrarlanmamasının vacibliyi mesajını verməkdir.
Çıxışında erməni vandallarının işğal dövründə Qarabağda həyata keçirdikləri ekosid (təbiət üzərində genosid) və urbisid (şəhərlər üzərində genosid), cəmiyyətin müxtəlif qruplarını təmsil edən insanlarla keçirilən görüşlər, Fondla təhsil müəssisələri və dövlət qurumları arasında əməkdaşlıq və digər məsələlər barədə məlumat verən İdarə Heyətinin sədri vətəndaşları Fond vasitəsilə dövlətin Qarabağda həyata keçirdiyi geniş quruculuq və bərpa işlərinə dəstək verməyə çağırıb.
Son günlər Türkiyədə tüğyan edən meşə yanğınlarına da toxunan R.Hacıyev təbii fəlakətin qarşısının alınmasında Azərbaycanın qardaş Türkiyəyə dəstəyini vurğulamaqla yanaşı, əksər Qərb ölkələrinin həm Türkiyəyə, həm də Azərbaycana münasibətdə ikili standartlardan çıxış etməsindən danışıb.
Verilişin geniş buraxılışını təqdim edirik.
1news.az