Bakı-Quba yolunun bir hissəsinin tikintisi yekunlaşıb - FOTO
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun “Yaşma bağları” yaşayış məntəqəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir.
Agentlikdən 1news.az-a verilən məlumata görə, layihədə tikinti işləri 5 hissə üzrə aparılır.
1-ci lot yeni yolun 0-29.9, 2-ci lot 29.9-53.5, 3-cü lot 53.5-73.5, 4-cü lot 73.5-92-ci və 5-ci hissə isə 134.700-192.618 km-lik hissələrini əhatə edir.
Avtomagistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik 1-ci hissəsi üzrə tikinti işləri tamamlanıb və layihə üzrə 2 yol qovşağı, 1 yol ötürücüsü, 1 kanal körpüsü, 4 düzbucaqlı yeraltı avtomobil keçidi, 33 müxtəlif ölçülərdə düzbucaqlı və dairəvi beton boruların tikintisi, müxtəlif köçürülmə işləri yolun ayırıcı zolağında ümumilikdə cəmi 31 min p/m beton baryerlərin tikintisi icra olunub.
Hazırda işlər digər lotlar üzrə davam etdirilir. Belə ki, 2-ci lot boyu yararsız material qazılıb çıxarılıb, geri dolğu işləri aparılıb, qruntun zəif olduğu yerlərində qaya dolğu işləri görülüb. Yeni magistral yolun sözügedən hissəsində artıq nəzərdə tutulan körpülərin suötürücü boruların və tunellərin tikintisi üzrə 100 % işlər yekunlaşdırılıb.
Layihənin 3-cü lotu üzrə də həmçinin ərazinin təmizlənməsi, qazma və dolğu işləri həyata keçirilir. Nəzərdə tutulan suötürücü boruların, mal-qara keçidlərinin və yol ötürücülərin inşası davam etdirilir.
4-cü lot üzrə isə hazırda torpaq işləri və suötürücü boruların quraşdırılması və lot boyu nəzərdə tutulan körpülərin inşası işləri icra olunur.
Tikinti layihəsinə uyğun olaraq yol yatağı hazır olan hissələrdə yol əsasının alt və üst layının tikintisi işlərinə başlanılıb. Texnoloji ardıcıllıqla aparılan tikinti işlərinin növbəti mərhələsində yolun asfaltlanması işlərinə start veriləcək .
Tikinti işləri yeni magistralın 5-ci, Şabran rayonunun Gəndob kəndi və Qusar rayonunun Samur qəsəbəsi (Rusiya sərhədi) arasında yerləşən hissəsi üzrə sonuncu mərhələdə davam etdirilir. Bu hissədə isə yeni yol yatağı və əsasın tikintisi, süni qurğuların inşası işləri yekunlaşıb. Hazırda sözügedən hissədə asfalt-beton örtüyünün döşənməsi işləri də icra olunur. Yeni istiqamət üzrə inşa edilən və mövcud magistral avtomobil yolundan 13 km qısa olan sözügedən hissənin uzunluğu isə 58 km-dir.
Qeyd edək ki, yeni inşa edilən 150 km-lik yol boyu ümumilikdə 39 qovşaq və yol ötürücü körpünün, 15 hidravlik və kanal körpüsünün, 41 kəndlərarası düzbucaqlı yeraltı keçidin, 514 müxtəlif diametrlərdə dairəvi beton suötürücünün və ehtiyat boruların, 43 düzbucaqlı suötürücü boruların, 20 avtomobil və mal-qara keçidinin tikintisi, həmçinin müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi nəzərdə tutulub.
Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayrıcı zolaqda beton bardyurların quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi işləri aparılacaq.
Qeyd edək ki, yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.