Təhsil tələbə kreditlərinin veriləcəyi tarix AÇIQLANDI
"Oktyabrdan başlayaraq təhsil tələbə kreditlərinin verilməsinə başlanılacaq".
1news.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu, tamamilə yeni mexanizmdir:
"Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 80 milyon manatdır. Bu il təxminən 40 minə qədər tələbəyə təhsil kreditləri veriləcək. Bura bakalavr və magistr səviyyəsi üzrə kreditlərin verilməsi nəzərdə tutulub. Bunlar sosial və standart təhsil tələbə kreditləridir. Sosial tələbə krediti götürən tələbənin semestr boyunca ümumi orta göstərici balı 70-dən yuxarı olarsa, təhsil kreditinə faiz hesablanmır, göstəriciləri 91 baldan yuxarı olarsa, alınan kreditin 50 faizinin ödənilməsindən azad olunur. Sistemin hazırlanması, banklarla müqavilə, sığorta məsələləri artıq həll edilib".