Gələcəyimizə sahib çıxaq – “Ağ ölüm”ə yox deyək! | 1news.az | Xəbərlər
Cəmiyyət

Gələcəyimizə sahib çıxaq – “Ağ ölüm”ə yox deyək!

11:10 - 23 / 09 / 2021
Gələcəyimizə sahib çıxaq – “Ağ ölüm”ə yox deyək!

Hazırda bütün dünyanı narahat edən bəşəri problemlərdən ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir.

Narkomaniya təkcə insanların sağlamlığına və yaşam tərzinə deyil, eləcə də dünya iqtisadiyyatına ciddi zərbə vurur. Beynəlxalq statistik hesablamalara görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il yüz milyardlarla dollar gəlir əldə edilir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarına əsasən dünyada narkotiklərin ticarəti, neft və silah alverindən sonra üçüncü ən çox gəlir gətirən sahə hesab olunur. Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir. Ən acınacaqlısı da budur ki, gənclər və yeniyetmələr arasında narkotik vasitələrə aludəçilik halları artmağa doğru gedir.

Narkotik maddələr bir növ tələ kimidir. Bu tələyə bir dəfə düşən insanın oradan qurtulması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir. Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Həmçinin narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur,yaddaş və təfəkkür pozulur.

Dünyada bu bəla ilə mübarizə üçün atılmış beynəlxalq mübarizə addımları da var. Belə ki, narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədilə BMT iyun ayının 26-nı “Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” elan edib. Ayrı-ayrı dövlətlər narkotiklərin qanunsuz dövriyyəsi ilə səmərəli mübarizə üsullarını və müalicə metodlarını təkmilləşdirmək sahəsində səylərini artırıb. Dövlətlər insanları ölümə aparan bu bəlaya istər fərdi şəkildə, istərsə də beynəlxalq əməkdaşlıq çərçivəsində mübarizə aparsalar da, dünya üzrə narkomaniyaya düçar olanların sayı ilbəil artmaqdadır. Qeyd edim ki, ölkəmiz də müstəqilliyini bərpa etdikdən sonra “ağ ölüm”ə qarşı mübarizə üsullarını artırıb. Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə “Narkotiksiz gələcək naminə” milli proqramların qəbul edilib. Bu proqramlara təhsil, səhiyyə ocaqlarında, hüquq mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın ziyanı barədə maarifləndirilmə kampaniyaları daxildir.

Ölkəmizdə ilk dəfə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər ümummilli lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli, Fərmanında öz əksini tapıb. Bu Fərmanda ölkədə sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması, narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilib. Ötən əsrdən başlanılan tədbirlər bu gün də davam etdirilməkdədir. Həmin Fərman əsasında 2000-ci ilə qədərki dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlandı, Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldı, 18 iyun 1999-cu ildə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” qanun qəbul olundu.

Təəssüflə qeyd etmək lazımdır ki, narkomaniyaya qarşı mübarizə üsulları genişlənsə də, bu bəlaya qurşananların sayı getdikcə artır. Bu da cəmiyyəti problem ətrafında ciddi düşünməyə vadar edir. İndi artıq narkomaniyanın satışı və təbliği formaları da dəyişib. Son zamanlar ölkəmizdə və dünyada sosial şəbəkələr vasitəsilə narkotik vasitələrin satışının sürətlə yayıldığının şahidi oluruq. Rəqəmsallaşmanın geniş vüsət aldığı və həyatımızdakı rolunu nəzərə alıb, xüsusilə uşaq və yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə nəzarət etməliyik.

Uşaqlarımıza sərbəstlik verməklə yanaşı, həm də onların asudə vaxtlarının təşkili istiqamətində müəyyən fakultativ addımlar atmaq daha məqsədəmüvafiqdir. Əgər gənclərimiz, uşaqlarımız elmə, idmana, incəsənətə və digər sahələrə maraq göstərərlərsə, narkomaniyanın necə bir bəla olduğunu dərk edərlərsə, əlbəttə, bu bəladan uzaq durar və ətraflarını da “ağ ölüm”dən qorumağa çalışarlar.

Narkomaniya ilə mübarizədə ən effektiv vasitələrdən biri də maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir.

Bəs maarifləndirmə işləri necə aparıla bilər?

Yaxşı olar ki, məktəblərdə və ali təhsil ocaqlarında mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilsin. Şagird və tələbələrə narkotik maddələrin ziyanları, istifadəsindən sonra baş verə biləcək fəsadları barədə informativ məlumatların verilməsi çox vacibdir. Təqdirəlayiq olardı ki, Təhsil Nazirliyi maarifləndirmə işlərini tədris planına əlavə edərək bu yöndə daha effektiv nəticə əldə etməyə şərait yaratsın.

Ali təhsil ocaqlarında isə "Ağ ölüm", "Sintetka", "Narkomanlıq əsrimizin bəlasıdır”, “Gənclər narkotikə yox deyir!” və s. kimi mövzularda elmi-praktik konfranslar keçirilməlidir ki, gənclərə daha çox təsirli olsun.

Bu yöndə ən yaxşı təbliğat formalarından biri də mövzuya dair videoçarxlardır. Unutmaq olmaz ki, vizual görüntü müasir dövrdə təhlətşüura daha tez təsiretmə metodu kimi geniş istifadə edilir.

Eyni zamanda mədəniyyət yönümündən sərgilərin, yazı müsabiqələri və digər tədbirlər də narkomaniyaya qarşı silah kimi istifadə edilə bilər.

Şübhəsiz ki, ən böyük təbliğat və örnək ailədən başlayır. Ailələr nə qədər sağlam bağlara sahib olarsa, valideynlər övladları ilə nə qədər dostluq bağı qura bilərsə, o ailədə böyüyən uşaqlar da düzgün mühitdə böyüyüb formalaşacaq. Çünki valideynlər uşaqlar üçün ən təsirli mayak rolunu oynayır. Bu gün valideynlərin necə davranması və uşaları üçün hansı təsirə malik olması, sabah həmin uşaqların gələcəyinə bilavasitə təsir edir.

Demək, gələcəyimiz öz əllərimizdədir. Gələcəyimizə bu gündən sahib çıxmağa başlayaq və "ağ ölüm"ə birlikdə yox deyək!

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyev

Paylaş:
405

Son xəbərlər

Qaxda zəlzələ olub

Bu gün, 09:31
Bütün xəbərlər