Azərbaycanda 2024-cü ildə kadr islahatları: Vəzifə verilənlər və azad olunanlar - SİYAHI | 1news.az | Xəbərlər
Reportaj

Azərbaycanda 2024-cü ildə kadr islahatları: Vəzifə verilənlər və azad olunanlar - SİYAHI

Qafar Ağayev13:51 - 26 / 12 / 2024
Azərbaycanda 2024-cü ildə kadr islahatları: Vəzifə verilənlər və azad olunanlar - SİYAHI

Artıq 2024-cü ilin sona çatmasına sayılı günlər qalıb.

Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə hər il olduğu kimi 2024-cü ildə də kadr islahatları davam etdirilib. Həyata keçirilən kadr islahatları dövlət idarəçiliyinin daha da müasir və səmərəli olması, şəffaflığın artırılması və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini təmin etmək məqsədi daşıyır.

2024-cü ildə keçirilən kadr islahatları çərçivəsində müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrə yeni təyinatlar həyata keçirilib, eyni zamanda bəzi vəzifəli şəxslər işdən azad olunub. Bu proses idarəetmədə yeni nəfəs gətirilməsi, gənc və peşəkar kadrların önə çəkilməsi, habelə ölkənin inkişaf strategiyasına uyğunlaşma məqsədi güdüb.

1news.az 2024-cü ildə həyata keçirilən keçirilən islahat çərçivəsində təyin olunan və vəzifəsindən azad edilən şəxsləri xronoloji ardıcıllıqla təqdim edir:

Yanvar

2024-cü ildə Prezident İlham Əliyev tərəfindən ilk sərəncam Muxtar Babayevlə bağlı oldu.

Muxtar Babayev

Belə ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Prezidenti müəyyən edilib.

24 yanvarda Medianın İnkişafı Agentliyi (MEDİA) Müşahidə Şurasının tərkibi təsdiq edilib.Prezidentin Sərəncamına əsasən, Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov, Müşahidə Şurasının üzvləri isə Vüqar Əliyev, Şəfəq Mehrəliyeva, Sevil Mikayılova, Elçin Şıxlinskiy olub.

Dövlət başçısının 29 yanvarda imzaladığı sərəncamla İlqar Mustafayev Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Onun yerinə Xanlar Ağalarov Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri təyin edildi.

Xanlar Ağalarov

Fevral

Fevralın 7-də keçirilən Prezident seçkilərində Azərbaycanda Prezident seçkiləri keçirildi. Prezident seçkilərindən sonra formalaşdırılan hökumətdə ilk sərəncam 16 fevralda Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri təyin edilməsi ilə oldu.

Əli Əsədov

Dövlət başçısı eyni gündə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərənam imzaladı. Sərəncama əsasən:

Yaqub Eyyubov - Baş nazirin birinci müavini; Əli Əhmədov - Baş nazirin müavini; Şahin Mustafayev - Baş nazirin müavini; Vilayət Eyvazov - Daxili işlər naziri; Muxtar Babayev - Ekologiya və təbii sərvətlər naziri; Emin Əmrullayev - Elm və təhsil naziri;
Pərviz Şahbazov - Energetika naziri; Sahil Babayev - Əmək və əhalinin sosial müdafiəsi naziri; Kəmaləddin Heydərov - Fövqəladə hallar naziri; Fərid Qayıbov - Gənclər və idman naziri; Ceyhun Bayramov - Xarici işlər naziri; Mikayıl Cabbarov - İqtisadiyyat naziri; Məcnun Məmmədov - Kənd təsərrüfatı naziri; Samir Şərifov - Maliyyə naziri; Adil Kərimli - Mədəniyyət naziri; Zakir Həsənov - Müdafiə naziri; Vüqar Mustafayev - Müdafiə sənayesi naziri; Rəşad Nəbiyev - Rəqəmsal inkişaf və nəqliyyat naziri; Teymur Musayev - Səhiyyə naziri; Bahar Muradova - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri; Fuad Muradov - Diasporla İş üzrə Dövlət Komitəsinin sədri; Şahin Bağırov - Dövlət Gömrük Komitəsinin sədri; Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi; Tahir Budaqov - Dövlət Statistika Komitəsinin sədri; Anar Quliyev - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri; Rövşən Rzayev - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri; Vüsal Hüseynov - Dövlət Miqrasiya Xidmətinin rəisi; Əli Nağıyev - Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi; Orxan Sultanov - Xarici Kəşfiyyat Xidmətinin rəisi;
Mürsəl İbrahimov - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi; Zaur Mikayılov - Dövlət Su Ehtiyatları Agentliyinin sədri; Fuad Nağıyev - Dövlət Turizm Agentliyinin sədri; Qoşqar Təhməzli - Qida Təhlükəsizliyi Agentliyinin sədri; Əsgər Rəsulov - Milli Arxiv İdarəsinin rəisi təyin olundu.

Bundan başqa, ədliyyə naziri vəzifəsinin müvəqqəti icrası Azər Cəfərova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədri vəzifəsinin müvəqqəti icrası Səyyad Salahlıya həvalə olundu.

21 fevralda imzalanan Sərəncamla, Naim Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi.

Fevralın 22-də Samir Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti vəzifəsindən azad edildi. O, başqa bir Sərəncamla, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin olundu.

Fevralın 27-də Fərid Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edildi.

Fərid Əhmədov

Mart

Martın 7-də Prezidentin sərəncamı ilə Emin Hüseynov Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin olundu.

Eyni gün Elçin Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

13 martda Vahid Hacıyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin olundu.

Eyni zamanda Məsim Məmmədov Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edildi.

Dövlət başçısının 27 martda imzaladığı sərəncamla, Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edildi.

Elçin Yusubov

Aprel

Dövlət başçısının apreldə təyinatla bağlı ilk sərəncamı aprelin 1-də Aydın Kərimov Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin olunması oldu.

Aprelin 8-də Ramin Məmmədov Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edildi.

Aprelin 16-da Aydın İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edildi, onun yerinə Fərhad Adıgözəlov gətirildi.

29 apreldə Rasim Hüseynov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olundu, onun yerinə isə, Ovni Muradov təyin olundu.

Ramin Məmmədov

May

2 may 2024-cü ildə Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edildi.

Mayın 20-də Şahin Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad olundu, eyni gün o, Qarabağ Universitetinə rektor təyin olundu.

22 mayda Prezidentin sərəncamı ilə Fərid Seyidov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edildi.

Mayın son günündə Şair Alxasov Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olundu.

Şahin Bayramov

İyun

İyunun 6-da Asif Ağayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi.

Eyni gün Şahin Abdullayev Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıldı. Onun yerinə Rəşad İsmayılov Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfir təyin edildi

11 iyunda Elçin Məmmədov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunun rektoru təyin edildi.

Asif Ağayev

İyul

İyulun ilk günündə - 1-də Bəşir Hacıyev Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin olundu.

2 iyulda Ramil Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırıldı.

Eyni gün, İrfan Davudov Azərbaycan Respublikasının Tailand Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıldı, onun yerinə, Elçin Bəşirov Azərbaycan Respublikasının Tailand Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olundu.

İyulun 8-də Əziz Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olundu, başqa bir Sərəncamla, o, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin olundu.

Prezidentin eyni gündə imzaladığı Sərəncamla, Adil Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, Sahir Məmmədxanov isə, Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi.

İyulun 15-də Orxan Abbasov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin olundu.

Bir gün sonra – 16 iyulda Eyvaz Qurbanov Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, yerinə Cavid Əbdul-Qədirov təyin edildi.

Dövlət başçısının 29 iyulda imzaladığı sərənca əsasən, Vilayət Vəliyev Azərbaycan Texniki Universitetinin rektoru oldu.

Avqust

Avqustun 7-də Tofiq İbrahimov Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi.

Sentyabr

17 sentyabrda dövlət başçısının imzaladığı Rüstəm Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Salyan Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edildi. Sevindik Hətəmov isə, Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olundu.

Sentyabrın 23-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamlarla, Əli Əhmədov Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsindən, Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən, Asif Əsgərov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən, Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad edildi. Bundan başqa, Polad Bülbüloğlu Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıldı.

Oktyabr

Oktyabrın ilk günü Rəhman Mustafayev Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırıldı, başqa bir sərəncamla, o, Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edildi.

21 oktyabrda Sultan Qasımov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırıldı.

Noyabr

1 noyabrda Orxan Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi.

Noyabrın 4-də Cabbar Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin olundu.

Eyni gün Yaşar Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin edildi.

Noyabrın 18-də Prezidentin imzaladığı sərəncamlarla, Fuad Əzizov Gürcüstanın Batumi şəhərində, Ayxan Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində, Vüqar Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində, Zamin Əliyev isə Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edildilər.

27 noyabrda Siyavuş Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edildi. Onun yerinə isə Kamilə Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edildi.

Eyni gün Azad Novruzov Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edildi.

Siyavuş Kərimi - Kamilə Dadaş-zadə

Dekabr

3 dekabrda Elbrus İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin olunub.

Dövlət başçısının 5 dekabrda imzaladığı sərəncamlarla, Əliyar Məmmədyarov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini, Vüsal Xəlilov, Əli Əhmədov, Toğrul Əliyev və Gülər Paşayeva Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavinləri təyin edilib.

16 dekabrda Nəsir Məmmədov Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıldı.

Dekabrın 20-də Mahir Əliyev Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıldı, onun yerinə Prezidentin başqa sərəncamı ilə Azərbaycanın Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılan Adış Məmmədov Azərbaycan Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edildi.

Prezidentin Sərəncamı ilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılan Yaşar Əliyev, başqa sərəncamla, Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri olundu.

Dövlət başçısının başqa Sərəncamı ilə Tofiq Musayev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.

Ramil Rzayev Azərbaycanın İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Məmməd Əhmədzadə Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bundan başqa, Cəlal Mirzəyev Azərbaycanın İndoneziya Respublikasında, eyni zamanda Filippin Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Sinqapur Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırıldı.

Prezident İlham Əliyevin 20 dekabrda imzaladığı başqa bir Sərəncamla, Zaur Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edildi, onun yerinə Vüsal Aslanov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edildi.

Zaur Hüseynov - Vüsal Aslanov
Paylaş:
194

Son xəbərlər

Bütün xəbərlər