“Mən inanmıram ki, Azərbaycan filmi irəliləsin” - “Uşaqlığın son gecəsi”nin Muradı - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Müsahibə

“Mən inanmıram ki, Azərbaycan filmi irəliləsin” - “Uşaqlığın son gecəsi”nin Muradı - FOTO - VİDEO

Ayşən İsmayılova16:17 - Bu gün
“Mən inanmıram ki, Azərbaycan filmi irəliləsin” - “Uşaqlığın son gecəsi”nin Muradı - FOTO - VİDEO

Azərbaycan kinosu dedikdə, gözümüzdə illərdir ki, ağ-qara filmlərlə evlərimizə qonaq olan və artıq hər bir cizgisi, səsi və gülüşü ilə bizə doğma gələn sənətkarlarımız canlanır.

Şübhə yoxdur ki, onlardan biri də gülüşü və yaraşıqlı siması ilə qəlbləri ovsunlayan Ənvər Həsənovdur. Murad, Cəlal, Sirac, Tərxan onun həyat verdiyi obrazlardan sadəcə bir neçəsidir. Bütün ömrünü Azərbaycan kinosuna həsr edən dəyərli sənətkar bu gün artıq ömrünün 74-cü baharını yaşayır.

Beləliklə, 1news.az-ın budəfəki müsahibi Azərbaycan Respublikasının xalq artisti Ənvər Həsənovdur.

- Sizin yaraşıqlı və bir o qədər də saf çöhrəniz uzun müddət gənc xanımların xəyallarına qonaq olub. Artıq illər keçib, amma indi də filmlərinizə baxanda üzünüzü görmək kifayət edir ki, insanlarda gözəl hisslər oyansın. Bəs Ənvər Həsənov güzgüdə özünə baxanda nə düşünür?

- Sözün açığı, mən elə həmin keçmiş günlərimlə yaşayıram. İndi sevindirici bir şey yoxdur axı. Nəyə baxıb sevinəsən? Heç olmasa, yaxşı ki, o günlər, gözəl insanlar var idi. Hamımız ünsiyyətdə idik, fəaliyyət göstərirdik. Bu özü böyük bir xoşbəxtlikdir. Biz Azadlıq qazandıq, bu yaxşıdır. Ancaq azadlıq qazanmaq o demək deyil ki, sən işsiz-gücsüz oturasan. Gərək fəaliyyət göstərəsən.

- “Dərviş Parisi partladır” filmi həm kariyeranızda, həm də şəxsi həyatınızda sizə uğur gətirib. Ömür-gün yoldaşınız Möminat xanımla məhz bu filmin çəkilişləri üçün aktrisa axtaranda tanış olmusunuz. Bu sevgi tarixçəsini necə xatırlayırsınız?

- Mənim filmlərim çoxdur. 55 il “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərmişəm, yəni 1965-ci ildən. Allah rəhmət etsin, SSR Xalq artisti Adil İsgəndərov həm kinostudiyanın direktoru, həm də aktyorluq kursunun rəhbəri idi. Onun sayəsində kinostudiyaya işə gəldim. 1965-ci ildə oxumağa başladım, 1966-cı ildə Arif Babayev “İnsan məskən salır” filmini çəkəndə Adil müəllim məni onun yanına rejissor köməkçisi vəzifəsinə göndərdi. Yəni mən həm film çəkirdim, həm də aktyor kimi fəaliyyət göstərirdim. “Dərviş Parisi partladır” filmində isə biz aktyorları özümüz axtarıb tapırdıq. O niyyətlə İncəsənət Universitetinə getdik, çox tələbə ilə tanış olduq. Orada Möminat xanım həmin obraza uyğun biri kimi mənim xoşuma gəldi. Kinostudiyaya dəvət etdik, sınaq çəkilişlərində oldu, təsdiqləndi və fəaliyyətə başladıq. Çəkiliş vaxtı ünsiyyətimiz möhkəmləndi. O vaxt Möminat xanım universitetin 4-cü kursunda oxuyurdu. O, universiteti bitirəndən sonra 1978-ci ildə həyat qurduq. Ailə həyatımız 2008-ci ilədək davam etdi.

- Siz təkcə sənətinizlə deyil, həm də həyat yoldaşınıza olan sevgi və sadiqliyinizlə də insanların qəlbində rəğbət oyadırsınız. Elə indi də üzüyünüz barmağınızdadır... Bəs indiki gənc ailələrə nə demək istərdiniz?

- Mən onlara nə deyə bilərəm? Mən desəm də, deməsəm də, onlar öz bildiyini edəcəklər. İndiki gənclər elədirlər ki, onlar ağsaqqal sözünə qulaq asmırlar. Ona görə də onların yanında üzümü qara etmək istəmirəm. Əlbəttə, arzum odur ki, onlar da bizim kimi mehriban, səmimi olsunlar. Gözəl ünsiyyət qursunlar və hörmət qazansınlar.

- Söhbətimizin məcrasını bütün həyatınızı sərf etdiyiniz kinoya yönəltmək istərdim. Hər kəs hazırda Sovet dövründəki kimi filmlərin artıq çəkilmədiyini deyib gileylənir. Bəs bunun səbəbi nədir? Sizi sənətkarlar yetişdirdi, siz də gəncləri yetişdirməyə başlamısınız. Bəs bu zəncirin halqası harada qırıldı?

- 1995-ci ildə Hacı Əbdüllə (Əbdül Mahmudbəyov) “Şah İsmayıl Xətai” filminin üzərində işləyirdik. Sonra Əbdülə dedilər, bizim 4 serialı film çəkməyə pulumuz yoxdur. Əbdül 4 serianı 3, sonra 2 etdi. Sonra pul olmadığı üçün filmi dayandırdılar. 2010-cu ilə kimi fəaliyyət olmadı. Əlbəttə, çətin və ağır illər idi. Yaradıcılıqla məşğul olan insanlar üçün ümumiyyətlə ağırdır. O cümlədən də, mənə. Mən 2020-ci ildə qayıtdım “Azərbaycanfilm”ə. Rasim İsmayılov məni 2-ci rejissor kimi dəvət etdi və o vaxtdan “Azərbaycanfilm”ə geri döndüm.

- Bəs hazırkı filmlərlə bağlı nə deyə bilərsiniz? Niyə əvvəlki kimi filmlər əsrəyə gəlmir?

- Necə gəlsin? Nə yaradıcı heyət, nə aktyorlar, nə operatorlar, nə rejissorlar var. Kim qalıb ki? Allah rəhmət etsin! 80% hamısı dünyasını dəyişib. Hər yaradıcı insanın ölümünü eşidəndə ürəyim ağrıyır. İstəyir, yazıçı olsun, istəyir, bəstəkar, operator, rejissor olsun. Mən bunların hamısı ilə fəaliyyət göstərmişəm. Çünki kino elə bir sənətdir ki, onun ssenaristi, operatoru, bəstəkarı – hamısı yığcam olur. Zarafat deyil, “Azərbaycanfilm”də 70 film işləmişəm. Onların hamısı ilə ünsiyyətdə olmuşam.

- Elə dünyasını dəyişən sənət yoldaşlarınız və dostlarınızdan danışdınız. İsmayıl Osmanlı, Həsənağa Turabov, Adil İsgəndərov, Leyla Bədirbəyli kimi sənətkarlarla çiyin-çiyinə çalışmısınız. Onlarla bağlı hələ də unuda bilmədiyiniz hansı xatirləri bölüşərdiniz?

- Xatirələr çox olub. Yaşımı da nəzər alaq. Ağır illər keçirmişəm. Bir az da skeleroz məni məhv edir. Hər filmdə gözlənilməz hadisələr olur. “Yeddi oğul istərəm” filmində Kələntər əminin Cəlalı dizindən vurduğu səhnə var. Gəray bəy sonda ürəyimdən vurur və mən orada yerə yıxılıram. Orada yerə yıxılandan sonra bir də gördüm, Allah göstərməsin, bütün çəkiliş qurupu “vay” deyə qışqırdı. Üstümə qaçdılar, məni yerdən qaldırdılar. Dedilər, sənnə heç nə olmayıb? Çəkiliş Qobustanda edilrdi. Orada da hər tərəf daş-qayadır. Gördüm, yerdə daş var. Gichımla daşın arasında saçım dayanıb. Mən 1 millimetr qabağa getsəydim, öləcəkdim. Dedim, 2-ci dubl çəkək. Dedilər, nə 2-ci dubl? Güclə ölümdən qurtarmısan. İstəyirsən, film yarımçıq qalsın? Səhnə də çox güclü alındı. Elə şeylər olur.

- Səhv etmirəmsə, həmin filmdə bir dəfə də ölümlə üz-üzə gəlmisiniz. Əlibağlı halda atın üstündə olduğunuz səhnə...

- Cəlalın ölümündən sonra məni atın üstünə qoydular. Kələntər əmi ata qamçı ilə vurur, at götürülüb gedir. Bir də gördüm camaat hay-küy saldı. Mən də üzüstə uzanmışam axı. At atıb-tutur, qabırğalarımın ağrısı öldürürdü məni. Bir də qabağa baxdım ki, 100 metr sonra uçurumdur, at da ora gedir. Ata rusca deyirəm, dayan, dayan. Əllərim də bağlıdır. Neyləyəcəm? Bizdə də Akif vardı. Sən demə, o da qayalığın arxasında nəsə axtarırmış. Bir də görür ki, at məni aparır. Akif qabağına çıxıb atı hürkütdü. At şahə qalxıb yerə düşəndə Akif onun boğazından yapışdı. At təzədən qalxmaq istəyəndə çəkiliş qrupunun heyəti gəlib çatdı. Gəlib məni yerə düşürdülər, bədənimi spirtlə sildilər. Özümə gəldim, ayağa durdum. Dedim, Tofiq müəllim, gəl, bir dubl da çəkək. Dedi, əl çəkməyəcəksən bu dubllardan? Görmədin, səni ikinci dəfə ölümdən qurtardıq. Yəni belə hadisələr də olur (gülür-red).

- Siz həm də xarici aktyorlarla da daim ünsiyyətdə olmusunuz. Hətta bildiyimiz qədər “Brilyant əl” filminin aktyorları fasilələrdə sizə gəlirdilər. Gəlin, o günlərə yenidən qayıdaq...

- O vaxt mən İçərişəhərdə yaşayırdım. Bilirsiniz ki, İçərişəhərdə çox film çəkilib, o cümlədən də, “Brilyant əl” filmi. O da evimdən 200 metr aşağıda idi. Mən də dostumla gəzməyə gedirdim. Gördük, çəkiliş gedir. Dayandıq qıraqda, bunları müşahidə edirdik. Andrey Mironov mənə baxıb tanıdı. Sən demə, çəkildiyim filmləri görüb. O vaxt da artıq “Uşaqlığın son gecəsi”, “Dəli Kür”, “Yeddi oğul istərəm” filmləri çəkilmişdi. Onunla tanış olduq, sonra məni apardı Nikulinlə tanış olduq. Bizim əsas ünsiyyətimiz Nikulin və Andrey Mironovla oldu. Onlar fasilə vaxtlarında mən evdə olsam da, olmasam da, qaçıb bizə gəlirdilər. Anama da “mama” deyirdilər. Ölürdülər bizim mürəbbəmizdən ötrü. Doğrudan da, mənim həyatım elə gətirib ki, çox sənətkarlarla tanış olmuşam. Jerar Depardye ilə bir filmə çəkilmişəm. O sonra mənim bağımda qonaq oldu. Pyer Rişar, Türkan Şoray, Kadir İnanır, Fatma Girik, Süleyman bəy kimi insanlarla ünsiyyətim olub. Hətta Süleyman bəy mənə dedi, səni aparaq Türkiyəyə, orada işlə. Onda Aytənin (qızı) 3 yaşı var idi. Dedim, Möminat 3 yaşında uşaqla gedib neyləyəcək? Dedim, yox, çox sağ olun. Yəni xatirələr çoxdur, sadəcə yada salmaq çətindir.

- İstəyirəm, “Uşaqlığın son gecəsi” filminə yenidən qayıdaq. Burada Murad həyatda hələ bərkə-boşa düşməyən, çılğın bir gənc idi. Lakin ət kombinatında baş verən cinayətkarlıq, onun üstünün açılması ona və dostu Rüstəmə həyat dərsi verir və onları yetkinləşdirir. Bəs Ənvər Həsənovun “uşaqlığının son gecəsi” hansı hadisə, gün və ya an olub?

- O vaxt mən kinostudiyaya daxil olanda keçdim gecə məktəbinə. Gündüz Adil müəllimin yanında dərsdə olurdum deyə gecə məktəbinə keçmişdim. Artıq o günlərdən mənim əqidəm dəyişdi, tamam başqa cür insan oldum.

Özü də o vaxtlar hörmət-izzət vardı. Küçə ilə gedirdin, yaşlı adamın yanından keçəndə salam verirdilər. İndi baxırsan, heç nə yoxdur. Mən yaşlı adam görəndə cavab oldu-olmadı salam verirəm.

- Siz müsahibələrinizdə belə bir söz demisiniz ki, mən Möminat xanımın şəkilləri ilə hər gün danışıram. O şəkillərlə nə danışırsınız? Nələri bölüşürsünüz?

- Görürsünüz, hər yerdə şəkilləri var (əli ilə divardakı şəkilləri göstərir red.). Adı Möminatdır, yəni mömin adam. Bu xanımda çox gözəl uzaqgörmə qabiliyyəti var idi. Hər şeyi hiss edirdi. Bir dəfə evə gec gəlmişdim. Dedi ki, otur, 5 dəqiqə səninlə söhbət edim. Bilirəm, sənət adamısan, insanlarla olursan, amma çalış evə tez gəl. Özü də bir söz deyim ki, mən səndən əvvəl öləcəyəm. Sən ölsən, mən səni dəfn edə, yasını verə, qəbir daşını düzəldə bilməyəcəyəm. Xahiş edirəm, ilimi verən kimi özünə arvad al. Dedim, nə danışırsan? Mənim səninlə bu cür gözəl həyatım olub. Dedi, o günlər keçib getdi. Mən sözümdə möhkəm oldum, ailə qurmadım.

Sizə bir şey də danışım onunla bağlı. “Qaçaq Nəbi”ni çəkirdik. Həsən Turabov, Şeyx Əbdül və mən idim. Soruşdum, sizə lazım deyiləm? Dedilər, yox. Evə gəldim. Elə 5 dəqiqə keçməmişdi ki, zəng gəldi. Şeyx Əbdül dedi, gəl, Turabovun sənə sözü var. Oturdum maşına, getdim. Gördüm, Turabovla Şeyx Əbdül əyləşiblər, yanlarında oturdum. Həsənağa müəllim dedi, sən necə adamsan? Sən də bizimlə bir yerdə bütün Azərbaycanı gəzmisən, Həcəri tapa bilmirik. Dedim, mən neyləyim? Dedi, daha bundan artıq neyləyəcəksən? Həcəri aparıb gizlətmisən evində, bizi Həcərsiz qoymusan. Dedim, Aytənin 3 yaşı var, ona baxmaq lazımdır. Dedi, sənin işin olmasın. Biz kinonu da çəkəcəyik, Aytənə də baxacağıq. Beləcə ipimi oğurladılar. Ona at çapmağı da öyrətdim, güllə atmağı da. Başladıq filmi çəkməyə. Bizdə kaskadyorlar var idi. Aytənin əlindən tutub gəzdirirdilər.

- Siz əslində həyat yoldaşınıza qadağa qoymuşdunuz ki, filmlərə çəkilməsin. “Qanlı zəmi” istisna bir hal oldu. Bəs haçansa peşmanlıq duymusunuz ki, kaş davam edəydi, filmləri daha çox olaydı?

- Bəli, təkcə kino yox, ümumiyyətlə sənətdən uzaqlaşmağını istədim. Ona görə də universiteti qurtarandan sonra Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində fəaliyyətə başladı. Və ömrünün axırına kimi də orada işlədi. Kiçik işdən başlayıb daha yüksək vəzifələrə qədər qalxdı. Möminatın şəkillərinə baxıram və hərdən deyirəm ki, nə yaxşı ki, iki filmi var. Onlara baxırıq, o günləri yada salır və xatirələrlə yaşayırıq.

- Sonda nə demək istərdiniz? Elə Azərbaycan filmləri ilə bağlı da deyə bilərsiniz?

- Mən inanmıram ki, Azərbaycan filmi irəliləsin. Bəlkə bir neçə il sonra insanlar püxtələşə, ondan sonra... Çətinlik ondan ibarətdir ki, indiki gənclərin üzərində rəhbər yoxdur. Kim dursun? Bir Şeyx Əbdül qalıb, Rafiq Əzimov, Şamil və mən qalmışıq. Axı gələcək nəsli də öyrətmək lazımdır. Özü də kino çox ağır sənətdir. Biz kino ilə millətimizin bacarığını, istedadını, qonaqpərvərlik və istiqanlılığını dünyaya çatdırırıq. “Yeddi oğul istərəm”i 128-138 ölkə alıb baxıb. “Uşaqlığın son gecəsi”ni 40-dan çox ölkə alıb. Biz hamımız başqa ölkə ilə ünsiyyət qura bilmirik. Ekran vasitəsilə adət-ənənəmizi öyrənirlər. Bilirlər ki, dünyada Azərbaycan kimi bir ölkə var. Bəs bunları nəzərə almaq lazımdır.

Mən indiki cavanları da qınamıram. Onların başının üstündə dayanan bir ustad yoxdur. Özü də hamısı özünü verib kompüterə. Kompüterlə kino olar?

“Azərbaycanfilm”də bizim kinoları göstərəndə mənim telefonum dayanmır. 10-15 dəfə zəng vururlar ki, nə yaxşı, “Azərbaycanfilm”in çəkdiyi o filmlər və siz varsınız. Baxıb özümüzə bir balaca təskinlik veririk. Mənim də yaşamağım o təskinliklə bağlıdır. Onlara baxıram və özümə bir balaca güc yığıram ki, yaşamaq lazımdır!”

Müsahibə bitdikdən sonra Ənvər Həsənov bizi gənclik illərindən bəri topladığı təsbeh, bıçaq və lampalardan ibarət kolleksiyası ilə də tanış etdi. Antik əşyalara marağı olan sənətkar onları müxtəlif ölkələrə səfərləri zamanı aldığını və kolleksiyasından xeyli əşyaları dost-tanışına bağışladığını qeyd edib.

FOTO - VİDEO - Nadir İbrahimli

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusuna uyğun olaraq dərc edilir.

Paylaş:
95

Son xəbərlər

Bütün xəbərlər