Bakıda hərəkət vərdişlərini dəyişmək: Dünya tərcübəsində mikromobillik avtomobil istifadəsini necə azaltdı? – Araşdırma | 1news.az | Xəbərlər
Reportaj

Bakıda hərəkət vərdişlərini dəyişmək: Dünya tərcübəsində mikromobillik avtomobil istifadəsini necə azaltdı? – Araşdırma

Qafar Ağayev10:19 - Bu gün
Bakıda hərəkət vərdişlərini dəyişmək: Dünya tərcübəsində mikromobillik avtomobil istifadəsini necə azaltdı? – Araşdırma

Dünyanın bir çox şəhərində olduğu kimi paytaxt Bakıda da nəqliyyat sıxlığının aradan qaldırılması, velosiped, elektrik mühərrikli kiçik nəqliyyat vasitələri istifadəçiləri və digər yol istifadəçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə işlər görülür.

Bu işlərdən biri də velosiped və skuterlərin rahat hərəkəti üçün yollarda çəkilən xüsusi zolaqlardır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, indiyədək Bakı şəhərində 31 küçə və prospektdə mikromobillik zolağı təşkil edilib. Bu zolaqların 100 km-ə çatdırılması nəzərdə tutulur.

Qeyd olunub ki, Bakı şəhərində operatorlar tərəfindən 4760 ədəd mikromobillik vasitəsi icarəyə verilir.

2024-cü ilin sentyabr-dekabr ayları ərzində operatorlar tərəfindən 860 minə yaxın sifariş qəbul olunub. Bu zaman ərzində mikromobillik vasitələri ilə 2 milyon 300 min kilometrə yaxın məsafə qət edilib.

Azərbaycanda mikromobilliyin inkişafı ilə bağlı son illərdə addımlar atılsa da dünyanın bəzi yerlərində bu məsələ ilə bağlı illərdir işlər görülür.

Fotoların müəllifi: Nadir İbrahimli

Dünya təcrübəsi

Velosipeddən, mikromobillikdən danışırıqsa, ilk istinad nöqtəmiz elə “velosiped ölkəsi” də adlandıra biləcəyimiz Niderland (əvvəli adı Hollandiya) olmalıdır.

Ara-sıra açıqlanan məlumatlara əsasən, əhalisinin sayı 17 milyondan çox ölkədə 23 milyondan çox velosiped var.

Haşiyəyə çıxaraq onu da qeyd edək ki, Niderlandda velosiped sürmə ənənəsi 19-cu əsrin sonlarından populyarlaşmağa başlamışdı.

Elə həmin vaxtlardan velosiped yollarının çəkilməsinə başlanılmışdı. 1940-cı il Alman işğalına qədər əhalisi 8 milyon olan Niderlandda 4 milyona yaxın velosiped var idi. Alman işğalından sonra bu say yarıya ensə də, 1960-cı ilə qədər velosipedlərin sayı və istifadəsi sürətlə artmağa başladı. Velosipedlərdən danışarkən bu ölkədə avtomobilləşmə də həmin illərdə sürətlə artmağa başlayırdı. Statistik məlumatlara əsasən, 1960-cı ilə qədər Niderlandda hər sakin illik ortalama 1500 kilometr velosiped sürürdüsə, avtomobillərin sayı artandan sonra, velosipedlərin sayı azalmasa da onlardan istifadə demək olar ki, yarıya – 800 kilometrə endi.

Mühərrikli nəqliyyat vasitələrindən istifadə mənfi təsirlərini də özü ilə gətirdi. Belə ki, 1970-ci ildə Hollandiyada 500 nəfərə 100 avtomobil düşürdü. Bu vəziyyətdə şəhərlərdəki nəqliyyat ciddi problemlərə səbəb olurdu. Orta əsrlərdə inşa edilən Hollandiyanın küçələri bu cür nəqliyyat üçün nəzərdə tutulmamışdı.

Necə oldu ki, 1970-ci illərdə hər 500 nəfərə 100 avtomobilin düşdüyü Niderland, velosiped sayına, istifadəsinə görə dünyanın ən qabaqcıl ölkələrindən oldu?

1971-ci ildə 3 mindən çox insan avtomobillərin səbəb olduğu qəzalar nəticəsində həyatını itirdi; onlardan təxminən 500-ü uşaq idi. Bu Hollandiya əhalisini hərəkətə gətirdi.

"Avtomobil terroruna" qarşı nümayiş. Amsterdam , 1982.

Belə ki, bu hadisə “Uşaq qətllərini dayandır” adlı bir hərəkatın başlanmasına səbəb oldu. Eyni zamanda, həmin dövrdə dünyada neft böhranı baş verirdi. Bu iki mühüm hadisə Hollandiya hökumətinin avtomobil mərkəzli şəhər planlamasından imtina etməsinə və yeni yanaşmalar axtarmasına gətirib çıxardı.

Hollandiya hökumətində insanların adət etdiyi davranışları dəyişmək üçün müxtəlif variantlar müzakirə olundu. Bu istiqamətdə ən önəmli addım velosiped sürənlərin təhlükəsiz şəkildə hərəkətini təşkil üçün kilometrlərlə velosiped zolaqları çəkmək oldu.

Məlumatlara əsasən, hazırda Hollandiya 35 mindən çox kilometr velosiped yoluna malikdir, ölkənin avtomobil yolu şəbəkəsi isə cəmi 140 min kilometrdir. Amsterdam rəhbərliyi həmçinin velosipedlərin üstünlük təşkil etdiyi bir sıra yollar saldı. Bu küçələrin çoxunda avtomobillərin qonaq olduğunu bildirən “fietsstraat auto te gast” yazılı lövhələr yerləşdirildi.

Ölkədə dairəvi yol qovşaqları da əsasən velosipedçilər və piyadalar nəzərə alınaraq dizayn edilib. Bu qovşaqların təxminən 60%-i fiziki olaraq ayrılmış dairəvi velosiped yoluna malikdir. Şəhərlərin çoxunda velosipedlərə yol üstünlüyü verilir. Bundan əlavə, bir çox qovşaq velosipedçilər üçün təhlükələri minimuma endirmək məqsədilə yenidən tərtib edilib.

Hökumət velosiped dayanacaqlarına da ciddi sərmayə yatırıb. 2019-cu ildə Hollandiyanın Utrecht şəhərində 12 min 500 velosiped üçün yer təklif edən dünyanın ən böyük çoxmərtəbəli velosiped dayanacağı istifadəyə verildi.

Fərqli nəqliyyat növləri arasında rahat keçid təmin etmək üçün əksər dəmir yolu stansiyalarında velosiped dayanacaqları qurulub. Bundan əlavə, bəzi qatarların xüsusi velosiped vaqonları və ya vaqonların daxilində velosiped üçün ayrılmış yerləri mövcuddur..

Görülən işlər təkcə bununla bitmir. Eyni zamanda Niderlandda yüksək vəzifəli şəxslər də velosipeddən və digər mikromobillik vasitələrindən aktiv şəkildə istifadə edir. Bunu da insanları həvəsləndirən bir amil kimi qiymətləndirmək olar. İnsanları avtomobildən imtina edib, velosipeddən istifadəyə çağıran bir məmurun özünün bunu tətbiq etməsi cəmiyyət tərəfindən daha səmimi qarşılanır.

Niderlandın sabiq Baş naziri Mark Rutte vəzifəsindən ayrılarkən belə hökumət binasını öz velosipedi ilə tərk edir

Bəs görəsən Azərbaycanda, xüsusilə də Bakıda velosipedlərin və digər mikromobillik vasitələrinin qısa məsafələrdə daha çox istifadəsini sürətləndirmək üçün hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı 1news.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib ki, dünyada mikromobillik qısa məsafələrin qət edilməsi üçün effektiv bir nəqliyyat həlli kimi getdikcə daha çox yayılır.

Rauf Ağamirzəyev

“Bir çox ölkədə artıq 5-8 kilometr məsafəni velosiped və ya skuter kimi nəqliyyat vasitələri ilə qət etmək adi hala çevrilib. Bu tendensiyanı dəstəkləmək üçün xüsusi infrastrukturun – velozolaqların, dayanacaqların və icarə sistemlərinin qurulması vacibdir.

Ötən il ərzində Bakıda da bu istiqamətdə ciddi addımlar atılıb. İlkin mərhələdə 35 kilometrlik velozolaq şəbəkəsi yaradılıb və yaxın illərdə bu rəqəmin 100 kilometrə çatdırılması hədəflənir. Statistik göstəricilər mikromobillik vasitələrindən, xüsusilə skuterlərdən istifadə edənlərin sayının gözlənildiyindən daha sürətlə artdığını təsdiqləyir. Bunun davamlı inkişafı üçün maarifləndirmə və təşviqat işləri aparılmalı, mövcud stereotiplər qırılmalıdır”.

“Əsas məqsəd şəhər sakinlərinə seçim imkanı yaratmaqdır – onlar qısa məsafələri piyada və ya mikromobillik vasitələri ilə, daha uzun məsafələri isə avtobus, metro, tramvay və şəhərətrafı elektrik qatarı kimi nəqliyyat vasitələri ilə qət edə bilsinlər. Bunun üçün uyğun infrastrukturun yaradılması əsas şərtdir” – ekspert əlavə edib:

“Lakin yeni infrastrukturun effektivliyini qorumaq da vacibdir. Təəssüf ki, velozolaqların zəbt edilməsi halları müşahidə olunur. Bu kimi qayda pozuntularına qarşı ciddi nəzarət mexanizmləri tətbiq edilməli, hətta sürücülük hüququndan məhrumetməyə qədər sərt cəza tədbirləri nəzərdən keçirilməlidir. Çünki bu cür pozuntular təkcə hərəkətə mane olmur, həm də təhlükəsizlik risklərini artırır və yanlış vərdişlər formalaşdırır.

Eyni hal piyada səkilərinin və digər ayrılmış ərazilərin qanunsuz zəbt edilməsinə də aiddir. Məsələn, səkilərin ticarət obyektləri, avtomobillər və ya digər maneələrlə tutulması nizam-intizamı pozur və ümumi təhlükəsizliyə ciddi risklər yaradır. Buna görə də bu cür problemlərin qarşısını almaq üçün qəti tədbirlər görülməlidir ki, insanlar mikromobillik vasitələrindən rahat və təhlükəsiz şəkildə istifadə edə bilsinlər”.

Başqa bir müsahimiz, bloger-urbanist Anar Əliyev isə qeyd edib ki, mikromobillik, xüsusilə velosiped və skuterlər, şəhər nəqliyyatında əhəmiyyətli rol oynayır.

Anar Əliyev

Onların istifadəsi qısa məsafələrdə avtomobillərdən imtina etməyə imkan yaradır, bu isə həm sağlamlığa, həm də daha effektiv nəqliyyata töhfə verir. Velosiped və skuterlər sadəcə əyləncə vasitəsi deyil, şəhər içi nəqliyyatın ayrılmaz hissəsi olmalıdır. Bu yanaşma tıxacların azalmasına, şəhərin daha təmiz və yaşıl qalmasına kömək edəcəkdir. Eyni zamanda, velosiped yollarının təhlükəsiz olması sayəsində insanlar rahat və problemsiz hərəkət edə biləcəklər.

O, əlavə edib ki, insanları velosiped istifadəsinə cəlb etmək üçün infrastruktur genişləndirilməlidir.

“Velosiped yolları hər bir əsas nöqtəni əhatə etməli, təhlükəsizlik tam təmin olunmalıdır. Bakıda hazırda 35 kilometr velosiped yolu mövcuddur və bu rəqəmin 2027-ci ilə qədər 100 kilometrə çatdırılması planlaşdırılır. Lakin velosiped istifadəsinin geniş yayılması üçün bu yollar şəhərin bütün əhəmiyyətli nöqtələrini birləşdirməli və rahat keçidlər təmin olunmalıdır. Velosipedçilərin yolun bir tərəfindən digər tərəfinə təhlükəsiz keçməsi üçün xüsusi keçidlər yaradılmalıdır; piyadalar üçün nəzərdə tutulmuş yeraltı və yerüstü keçidlər velosipedçilər üçün əlverişli deyil. Bəziləri Bakının relyefini – enişli-yoxuşlu küçələri problem kimi görsə də, müasir elektrik velosipedlər və skuterlər bu çətinliyi aradan qaldırır. Belə nəqliyyat vasitələri əlavə fiziki güc sərf etmədən rahat hərəkət etməyə imkan verir. Bundan əlavə, icarəyə verilən velosiped və skuterlərin sayının artırılması da vacibdir”.

“Şəhərdə avtomobil istifadəsini azaltmaq üçün müəyyən məhdudiyyətlər tətbiq olunmalıdır” – deyə A.Əliyev əlavə edib:

“Məsələn, parklanma yerlərinin qiymətləri yenidən nəzərdən keçirilə bilər ki, sürücülər qısa məsafələrdə avtomobil istifadəsindən çəkinsinlər. Belə tədbirlər velosipedlərin və digər alternativ nəqliyyat vasitələrinin daha çox seçilməsinə səbəb olacaqdır.

Velosiped istifadəsini təşviq etmək üçün maarifləndirmə işləri aparılmalı, velosiped sürmə qaydaları uşaqlıqdan öyrədilməlidir. Uğurlu beynəlxalq təcrübələr – məsələn, Danimarka və Amsterdam nümunələri göstərir ki, dövlətin velosipedlərə üstünlük verməsi, geniş velosiped yollarının salınması və təhlükəsizliyin təmin olunması bu nəqliyyat vasitəsini şəhər həyatının əsas hissəsinə çevirə bilər. Bütün bu addımlar Bakının daha ekoloji təmiz, sağlam və rahat şəhərə çevrilməsinə kömək edəcəkdir”.

Müəllifdən: Biz də jurnalistlər olaraq gün ərzində müxtəlif tədbirlərdə iştirak edirik. Əvvəllər şəhər mərkəzində olan tədbirlərə fərdi avtomobil və ya taksi ilə gedirdik. Taksi və fərdi avtomobillə hərəkət zamanı tıxacda qalırdıq, bundan əlavə də avtomobilimizi park etmək üçün yer axtarırdıq. Bütün bunlar bizim gedəcəyimiz ünvana gecikməyimizə səbəb olurdu. Paytaxtın bir çox küçə və prospektində avtobuslar və mikromobillik vasitələri üçün xüsusi zolaqlar çəkildikdən sonra taksidən, fərdi nəqliyyat vasitələrindən istifadəni minimuma endirdik. Çünki şəhər daxilində qısa məsafələrdə taksi və fərdi nəqliyyat vasitələrindən istifadə həm zaman itkisinə, həm maddi baxımdan itkiyə, həm də əsəblərimizin pozulmasına səbəb olurdu. Müşahidələr göstərir ki, Bizim kimi çox paytaxt sakini nəqliyyatla bağlı vərdişlərində dəyişiklik edir. Xüsusilə son bir ildə paytaxt küçələrində velosiped, skuter və digər mikromobillik vasitələrindən istifadə edənlərin artdığını müşahidə edirik. Əgər infrastruktur inkişaf edərsə, elə yuxarıda nümunə göstərdiyimiz Niderlanddakı kimi ölkəmizdə də velosiped və digər mikromobillik vasitələrindən istifadə gediş yayılacaq.

Qeyd dək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bu məsələ də müzakirə olunub.

Paylaş:
202

Son xəbərlər

Bütün xəbərlər