Gəncədə fəaliyyət göstərən marketdə nöqsanlar aşkar olunub
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən 1news.az-a verilən məlumata görə, Gəncə şəhərində Təbriz küçəsi, 182 ünvanında fiziki şəxs Musayev Azad Cahangir oğluna məxsus “Milli” ərzaq mallarının satışı mağazasında yoxlama keçirilib.
Yoxlama zamanı marketdə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitar norma və qaydaların tələblərinin pozulduğu aşkar edilib. Mağazada “Kрестъянское” nişanlı bitki tərkibli spred yağın kərə yağı adı altında satışının həyata keçirildiyi, heyvanmənşəli məhsulların baytarlıq-sanitariya ekspertizasından keçmədən satışının aparıldığı, mal qonşuluğu prinsipinin pozulduğu, qənnadı məmulatlarının üzərində etiket məmulatlarının qeyd olunmadığı məlum olub.
Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.