Yaşayış binalarına dair yeni tələblər: kimlər özünə yeni obyekt axtarmalı olacaq? | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaşayış binalarına dair yeni tələblər: kimlər özünə yeni obyekt axtarmalı olacaq?

13:10 - 15 / 12 / 2021
Yaşayış binalarına dair yeni tələblər: kimlər özünə yeni obyekt axtarmalı olacaq?

Bir gün əvvəl elan edilmiş yeni “Yaşayış binaları. Layihələndirmə normaları”na əsasən, insan sağlamlığına zərərli təsir göstərən bir sıra ictimai təyinatlı obyektlərin yaşayış binalarında yerləşdirilməsinə qadağa qoyulur.

Normalar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı ilə təsdiq edilib.

Normalara əsasən, insanlara zərərli təsir göstərən obyektlərin - istismarı zamanı yaşayış ərazisini və ətraf mühiti çirkləndirə bilən kimyəvi və digər məmulatların ixtisaslaşdırılmış satış mağazalarının, ixtisaslaşmış balıq mağazalarının, anbarların, saat 23:00-dan sonra iş rejimi olan bütün müəssisələr və mağazaların, hamam və saunaların, iri yeməkxana və istirahət müəssisələrinin, camaşırxana və kimyəvi təmizləmə müəssisələrinin, ictimai tualetlərin, baytarlıq klinikaları və kabinetlərin və digər obyektlərin yaşayış binasının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində yerləşdirilməsinə yol verilmir (Ətraflı burada).

Bundan əlavə yaşayış evlərində və onlara bitişik binalarda yerləşdirilməsinə icazə verilməyən tibb müəssisələrinin siyahısı da formalaşdırılıb. Onların arasında palata şöbələri, doğum şöbələri, bütün növ dispanserlər, travma mərkəzləri, təcili yardım, bakterioloji laboratoriyalar və s. var.

“Yaşayış binaları. Layihələndirmə normaları” sənədi ilə ətraflı olaraq burada tanış ola bilərsiniz.

Heç kimə sirr deyil ki, hazırda ticarət obyektlərinin, əyləncə mərkəzlərinin, o cümlədən 24 saat fəaliyyət göstərən obyektlər və tibb müəssisələri də daxil olmaqla bir çox geniş fəaliyyət növü olan obyektlərin mütləq əksəriyyəti məhz yaşayış binalarının zirzəmilərində və birinci mərtəbələrində yerləşir.

Xəbər böyük maraq doğurdu. Çünki sənəddə yeni qaydaların tənzimlənməsi və icarəyə götürülmüş obyektlərin (artıq “qara siyahı”ya düşmüş) taleyi barədə heç bir təfərrüat yoxdur.

Sual yarandı ki, yeni qaydalar yalnız gələcəkdə istifadəyə veriləcək binalara, yoxsa hazırda ölkənin mənzil fondunda olan bütün binalara şamil olunacaq?

Bu suallarla Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə üz tutduq. Oradan bildirdilər ki, yeni qaydalar hündürlüyü 75 metrdən çox olmayan yeni tikilən binaların və mənzillərin, eləcə də çoxfunksiyalı binalarda mənzil tipli yataqxanaların və yaşayış massivlərinin yaşayış sahələrinin layihələndirilməsi, yenidən qurulması və əsaslı təmiri işlərinə şamil ediləcək.

“Məsələn, yaşayış binasının birinci mərtəbəsi yenidən qurularsa və ya əsaslı təmir edilərsə, mağaza əvəzinə restoran açılarsa, bu, yeni qaydaların tətbiq ediləcəyi anlamına gəlir. Hazırda fəaliyyət göstərən obyektlərə isə yeni qaydalar tətbiq edilmir”- deyə, Komitənin mətbuat xidmətindən bildirdilər.

Yeni normaların tələblərinə əməl olunmasına nəzarət isə yaşayış binalarında yerləşən obyektlərin təyinatından asılı olaraq müvafiq orqanlar tərəfindən həyata keçiriləcək.

Azərbaycanın əməkdar memarı Elbay Qasımzadə də yeni normalarla bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, yeni qayda və tələblər ancaq insan fəaliyyətinin qanunun qəbulundan sonra baş verən hissəsinə şamil oluna bilər.

Lakin buna baxmayaraq, memar hesab edir ki, yeni qaydalar insanların həyat keyfiyyətini yüksəltmək üçün qəbul olunarsa, o zaman fərqi yoxdur mövcud binadan söhbət gedir, yoxsa 10 ildən sonra tikiləcək binadan.

“Əlbəttə, yeni layihələr artıq yeni tələblərə uyğun olaraq həyata keçirilməlidir. Lakin buna paralel olaraq mövcud binalarda da yeni tələblər tətbiq olunmalıdır. Əks halda belə çıxır ki, yeni evdə səs-küy salmaq, sakinlərin rahatlığına mane olmaq olmaz, köhnə mənzil fondunda və ya hətta beş il əvvəl istifadəyə verilmiş evdə isə bunun heç bir əhəmiyyəti yoxdur. Düşünürəm ki, bu nüans əlavə aydınlaşdırma tələb edir. Lakin tam əminəm ki, təhlükəsizlik və sanitar qaydalar eyni olmalıdır”.

E.Qasımzadə təklif edib ki, yeni icarə müqaviləsi bağlayarkən və ya köhnə icarə müqaviləsini təzələyərkən icarəçi öz obyektini həmin vaxt mövcud olan bütün tələblərə uyğunlaşdırmalıdır. Bundan imtina etdiyi halda məkanın kirayəçisi olaraq qalmaq şərti ilə fəaliyyətlərinin mahiyyətini dəyişdirməli və ya yaşayış binasından kənarda olan obyektləri icarəyə verməlidir.

“Yeni normalar ölkəmizin sakinlərinin yüksək səviyyədə yaşayış rahatlığının təmin edilməsi məqsədilə razılaşdırılıb və təsdiq edilib. Və əgər belədirsə, onda icarə müqaviləsinin yenidən müzakirəsi və ya yeni icarə müqaviləsinin bağlanması zamanı bu normalar nəzərə alınmalıdır”.

Yelena Ostapenko

Paylaş:
1040

Son xəbərlər

Bütün xəbərlər