Qazi statusundan sui-istifadə edib nömrəsiz, “plyonka” ilə maşın sürən sürücü kimdir? - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Qazi statusundan sui-istifadə edib nömrəsiz, “plyonka” ilə maşın sürən sürücü kimdir? - FOTO - YENİLƏNİB

15:38 - 24 / 12 / 2021
Qazi statusundan sui-istifadə edib nömrəsiz, “plyonka” ilə maşın sürən sürücü kimdir? - FOTO - YENİLƏNİB

Son vaxtlar bəzi sürücülərin avtomobili nömrəsiz, yəni dövlət qeydiyyat nişanı olmadan idarə etməsi hallarına rast gəlirik.

Sosial şəbəkələrdə bununla bağlı bir çox görüntülər paylaşılır. Bildirilir ki, nömrəsiz maşın idarə edənlər sürət həddini aşaraq yalnız öz həyatlarını deyil, digər insanların da həyatını təhlükəyə atırlar.

Təəssüf ki, bəzi qazilər də avtomobili idarə edən zaman qanun pozuntusu hallarına yol verirlər. Redaksiyamıza növbəti belə faktı özündə əks etdirən fotolalar daxil olub. Həmin fotolarda arxa şüşəsində “Qarabağ qazisi” sözü yazılan, dövlət qeydiyyat nişanı olmayan ağ rəngli “Khazar” markalı avtomobilin Nərimanov prospektində hərəkət etdiyi görünür. Bundan başqa maşının bütün güzgülərinə görüntünü məhdudlaşdıran “plyonka” vurulduğu görünür.

Şübhəsiz ki, qazilərin dövlətimiz, xalqımız qarşısında xidmətləri əvəzsizdir. Lakin unutmaq olmaz ki, statusundan, vəzifəsindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq qanun hamı üçün eynidir. Hər birimiz qanunların tələblərinə riayət etməliyik.

Xatırladaq ki, bu yaxınlarda Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydalarını pozan qazilərə müraciət edərək onları qanuna zidd davranışlara yol verməməyə çağırıb. İdarədən verilən məlumatda deyilir:

“Hər birimiz torpaqlarımızın azad olunmasında iştirak edən şəhidlərimizlə, qazilərimizlə fəxr edirik: "Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Lakin təəssüf ki, bəzi qazilərimiz qazi statusundan sui-istifadə etməyə çalışırlar, onlar bəzi davranışlarla öz qazi statuslarına kölgə salmış olurlar.

Bəzən idarə etdikləri avtomobillərin nömrə nişanlarını çıxararaq yola çıxırlar. Burada məqsəd nədir? Tək məqsəd var, o da ki, yol hərəkəti qaydalarını pozduqları zaman avtomobil yollarında olan videomüşahidə kameralarından, radarlardan yayınmaq. Bu yolverilməzdir.

Digər tərəfdən bəzi qazilərimiz sükan arxasında olarkən “Yol Hərəkəti Haqqında” Qanunun tələblərini kobud şəkildə pozurlar. Yol polisi əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq onları saxladıqları zaman “mən qaziyəm” deyə cavab verir və özlərinə haqq qazandırmağa çalışırlar. Yenə də deyirik, biz qazilərimizlə fəxr edirik, onlarla qürur duyuruq. Lakin qanun hər kəs üçün qanundur.

Torpaqlarımızı işğaldan azad etməklə xalqımıza qürur hissi yaşadıblar, amma bu o demək deyil ki, onlar qanun-qaydaları istədikləri kimi poza bilərlər. Nəinki qazilərimiz, hər bir kəs başa düşməlidir ki, bir nəfərin yol hərəkəti qaydalarını pozması yalnız onun deyil, digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yarada bilər, ağır nəticəli qəza baş verər. Ona görə də xahiş edirik ki, bəzi qazilərimiz qayda pozuntularının mahiyyətini düzgün başa düşsünlər və bu kimi davranışlara yol verərək şərəfli qazi adına kölgə salmasınlar".

Məsələ ilə bağlı 1news.az-a danışan Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov avtomobilin dövlət qeydiyyat nişanı olmadan idarə edilməsi hallarının araşdırıldığını və qanunamüvafiq tədbir görüldüyünü bildirib:

“Məlum olduğu kimi, dövlət qeydiyyat nişanı olmadan avtomobillərin idarə olunması qanunla qadağandır. Sürücüləri qanunun tələblərinə hörmətlə yanaşmağa çağırırıq”.

1news.az

Paylaş:
958

Son xəbərlər

Bütün xəbərlər