Şabranda pirotexniki vasitələrin satışını təşkil edən şəxs saxlanılıb
Polis əməkdaşları tərəfindən əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.
Növbəti belə tədbir Şabran Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Rayon ərazisində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən Şabran rayon sakini Elmar Musayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.
Qeyd ki, Daxili İşlər Orqanları tərəfindən bundan sonra da məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışını qanunsuz təşkil edən şəxslər barəsində ciddi tədbirlər görüləcək.