Xocavənddə işləyən şəxsdən narkotik aşkarlanıb
Azad olunmuş ərazilərdə tikinti işlərində çalışan şəxsdən narkotik aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki nəzarət postunda aparılan yoxlamalar zamanı çantasında narkotik vasitə olan şəxs müəyyən edilib.
Xocavənd RPŞ-nin əməkdaşları Böyük Tağlar kəndi ərazisindəki nəzarət postunda prosedur qaydalarına uyğun olaraq aparılan yoxlamalar zamanı işğaldan azad edilmiş ərazilərə daxil olmaq üçün müvafiq icazəsi olan Masallı rayon sakini Qurbanəli Cabbarovun sərnişini olduğu avtomobil saxlanılıb. Tikinti şirkətlərindən birinin işçisi olan Q.Cabbarova məxsus çantaya baxış keçirilərkən narkotik vasitələr olan metamfetamin və marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.