7700-ə yaxın şəhid ailəsi üzvünə vərəsəlik şəhadətnamələri verilib
Vətən müharibəsi iştirakçıları ilə bağlı həyata keçirilən sosial dəstək proqramları çərçivəsində 7700-ə yaxın şəhid ailəsi üzvünə qısa müddətdə vərəsəlik şəhadətnamələri təqdim edilib.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində keçirilən müşavirədə Baş idarənin rəisi İlqar Məmmədov deyib.
Onun sözlərinə görə, bununla da onların sosial ödəmələri vaxtında təmin olunub:
"Bu sahədə məlumatlılığın artırılması məqsədilə nazirliyin rəsmi internet saytında “Vərəsəlik şəhadətnaməsi” adlı bölmə istifadəyə verilib. Şəhid ailələrinə yardım məqsədilə xüsusi notariuslar onlara göstərilən xidmətləri vətəndaşlıq mövqeyindən çıxış edərək öz hesabına həyata keçirirlər".
Həmçinin qeyd olunub ki, əvvəllər işğal olunmuş rayonların əhalisinə aid 700 minə yaxın vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa olunaraq azad edilmiş ərazilərin qeydiyyat qurumlarının istifadəsinə verilməsi onların sakinlərinin müvafiq sənədləri daha rahat əldə etmələrinə imkan yaradıb.