“Biz qəti şəkildə kiməsə imtahanda iştirak etməyi qadağan etmirik”
Müəllimlərin işə qəbulu (MİQ) imtahanları ilə bağlı yeni qaydalar bir məktəbdə 3 ilə qədər çalışan müəllimlərə yerdəyişmədə iştirak etməyi qadağan etmir.
1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, həmin şəxslər iş yerindən çıxdıqdan sonra imtahana qatıla bilərlər.
“Müşahidələrimiz göstərir ki, hər il bir neçə min müəllim iş yerini dəyişir. Şagirdləri də başa düşmək lazımdır ki, hər il siniflərinə başqa bir müəllim gəlir. Təhsil Nazirliyi olaraq da həmişə birinci prioritetimiz uşaqlardır.
Qeyd edirəm ki, biz qəti şəkildə kiməsə imtahanda iştirak etməyi qadağan etmirik. Sadəcə qeyd edirik ki, mövcud iş yerindən çıxdıqdan sonra ora başqa müəllim gələ bilər”, - deyə nazir bildirib.
O əlavə edib ki, şəhid ailələri daim diqqətdə saxlanılır. “Şəhid ailələrinin üzvləri müəllimlərin işə qəbul imtahanı zamanı birinci seçim edəcəklər”, - deyə nazir əlavə edib.