Özünü vəzifəli şəxs kimi təqdim edib dələduzluq edən şəxsə cinayət işi açılıb
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq törətmiş şəxsə cinayət işi açılıb.
Bu barədə 1news.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Süphan Tağıyevin qanunsuz hərəkətləri barədə daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində şəxsiyyəti müəyyənləşdirilmiş Süphan Tağıyevin Sumqayıt Şəhər Təhsil İdarəsinə özünü Anar adlı prokurorluq əməkdaşı kimi təqdim edib Baş Prokurorluğun Mətbuat Xidmətinin guya yeni yaradılacaq bölmələrinə ixtisasca müəllim olan namizədlər barəsində məlumatların verilməsini tələb edərək namizədliyi irəli sürülən vətəndaşın sözügedən işlə təmin olunacağı barədə verdiyi yalan vəd müqabilində 2021-ci il fevralın 2-də sonuncunun 2 min 500 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr yaranıb.
Cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, eləcə də cinayətlərin törədilməsində digər şəxslərin iştirak edib-etməməsinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.