Şəkərli diabet xəstələri oruc tutarkən nələrə diqqət etməlidirlər? - Həkimdən CAVAB
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Günay İsmayılova Ramazan ayında şəkərli diabetdən əziyyət çəkən şəxslərin oruc tutarkən diqqət etməli olduğu məqamlarla bağlı sualları cavablayıb.
1news.az Günay İsmayılovanın cavablarını təqdim edir:
- Günay xanım, bildiyiniz kimi, müqəddəs Ramazan ayında müsəlmanlar oruc tuturlar. Şəkərli diabetdən əziyyət çəkən şəxslər oruc tuta bilərmi?
- Şəkərli xəstələrdə oruc tutmaq müxtəlif ağırlaşmaların inkişaf riskini artıra bilər. Belə ki, qida rejimində kəskin dəyişiklik, hipoqlikemik dərmanlar qəbulundan imtina, maye qəbulunu məhdudlaşdırılması diabetik ketoasidoz, ketoasidotik və hiperosmolyar koma kimi ağır ağırlaşmalara, kəskin trombozun inkişafına, ağır hipoqlikemiyaya səbəb ola bilərlər. Baş verə biləcək ağırlaşmaların əsasında qlükoza, sərbəst yağ turşuları, maye və elektrolit balansının mübadiləsində pozğunluqlar yaranır. Bu səbəbdən oruc tutmazdan öncə diabet xəstələri həkimlərin tövsiyələrini nəzərə almalıdır.
- İnsulin çatışmazlığı olan xəstələrin orqanizmində oruc tutarkən hansı dəyişikliklər baş verir?
- Diabet olmayan insanlarda qida qəbulu insulinin ifrazını stimullaşdıraraq, qlükozanın qaraciyərdə və əzələlərdə glikogen ehtiyatını təmin edir. Oruc tutarkən yeməkdən uzunmüddətli imtina qanda qlükozanın səviyyəsinin azalması və insulin ifrazının azalması ilə müşayiət olunur. Onlarda insulin və kontrainsulyar hormonlar vasitəsi ilə qanda qlükozanın səviyyəsi tənzimlənir.
İnsulin çatışmazlığı olan xəstələrdə isə uzunmüddətli aclıq hiperglikemiya və ketoasidoza səbəb olan glikogenin həddindən artıq parçalanmasına, qlükoneogenez və ketogenezin artmasına gətirir. Qida qəbulunun azaldılması hipoqlikemiyanın inkişafı üçündə risk faktorudur.
- Bəzi insanlar, hətta diabet olmayanlar belə oruc tutarkən daha çox aclıqdan deyil, susuzluqdan əziyyət çəkirlər....
- Susuzlaşma riski isti və rütubətli iqlimi olan ölkələrdə, eləcə də ağır fiziki fəaliyyətlə məşğul olan insanlarda çox yüksəkdir. Orucluq zamanı uzun müddət mayenin qəbul olunmaması susuzluğa səbəb ola bilər. Bu səbəbdən insan orqanizmində baş verən dəyişikliklər qanın qatılaşmasını və tromboz riskini daha da artıra bilər. Bir sıra tədqiqatların nəticələri oruc tutan xəstələrdə tutmayanlarla müqayisədə damar trombozlarının daha çox olduğunu göstərdi.
- Oruc tutan tip 1 və tip 2 şəkərli diabetli xəstələrinin risk qrupları hansılardır?
- Oruc tutan diabet xəstələri ağırlaşmalara görə 4 risk qruplarına bölünür:
Çox yüksək risk qrupu - qlükoza səviyyəsini kontrol etməyənlər, tip 1 şəkərli diabet, xroniki böyrək çatışmazlığından, hər hansı yanaşı kəskin xəstəliklərdən əziyyət çəkənlər, hamilələr, hemodializdə olan xəstələr və s;
Yüksək risk qrupu - hər hansı yanaşı xronik xəstəliklərdən əziyyət çəkənlər, makrovaskulyar ağırlaşmaları olan xəstələr və s;
Orta risk qrupu - qanda qlükoza səviyyəsini ciddi kontrolda saxlaya bilənlər, hipoqlikemiyaya səbəb olma ehtimalı az olan dərman preparatlarını qəbul edənlər;
Aşağı risk qrupu - yalnız pəhriz və ya metformin, glitazonlar, qliptinlər ilə müalicə olunan kafi glikemik nəzarəti olan xəstələr, hər hansı bir yanaşı xəstəlikləri olmayanlar və s.
Qeyd edim ki, çox yüksək risk qrupunda olan diabetli xəstələrə oruc tutmaq tövsiyə olunmur. Yüksək risk qrupunda olan xəstələrin də oruc tutmaları səhhətlərinə təhlükə yarada bilər.