Xumarı xilas etməyə çalışarkən xəsarət alan gömrük əməkdaşı paylaşım etdi: “Peşman deyiləm”
Mayın 3-də paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində özünü yaşadığı binanın 7-ci mərtəbədəki mənzildən ataraq intihar edən 17 yaşlı Xumar Babayevanı xilas etməyə çalışarkən ağır xəsarətlər alan Dövlət Gömrük Komitəsinin əməkdaşı Zahid Niyazov xəstəxanadan evə buraxılıb.
1news.az xəbər verir ki, 37 yaşlı gömrük əməkdaşı bununla bağlı "Facebook" səhifəsində paylaşım edib.
O qeyd edib ki, artıq müalicəsini ev şəraitində davam etdirir:
“Artıq hər şey yaxşılaşıb. Sağlamlığıma qovuşduğuma görə əziyyəti keçən hər kəsə, həkimlərə təşəkkürümü bildirirəm. Vəziyyətimlə maraqlanan hər kəsə minnətdaram. Çəkdiyim ağrı-acıya görə peşman deyiləm. Əfsuslar olsun ki, 17 yaşlı Xumar balanı xilas edə bilmədim. Buna görə çox üzülürəm, məyusam. Xumar balanın valideynlərinə başsağlığı verirəm. Allahdan o gözəl balamıza rəhmət diləyirəm”