Azərbaycan və Türkiyə prokurorluqları beynəlxalq müstəvidə birgə fəaliyyət göstərirlər
Azərbaycan prokurorluğu faəliyyət istiqamətlərinə uyğun olaraq xarici dövlətlərin hüquq mühafizə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlığını uğurla davam etdirir.
Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, ötən ilin 1 noyabr tarixində Türk Dövlətləri Təşkilatının Baş Prokurorları Şurasının Bakıda keçirilmiş ilk iclası çərçivəsində Azərbaycanın Baş prokuroru, Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti Kamran Əliyevin təşəbbüsü ilə Azərbaycan-Türkiyə-Beynəlxalq Prokurorlar Assosiasiyası formatında üçtərəfli görüş keçirilib.
Formatın səmərəliliyi nəzərə alınaraq iyulun 20-də növbəti görüş İstanbulda keçirilib. Baş prokurorun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti görüşdə iştirak edib.
Nümayəndə heyətini səmimi salamlayan Türkiyənin Baş prokuroru Bekir Şahin bütün sahələr kimi, ölkələrimizin prokurorluq orqanları arasında da əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.
Baş prokurorun müavini Heydər Məmmədov yüksək qonaqpərvərliyə və səmimi qəbula görə minnətdarlığını ifadə edərək həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən danışıb. Beynəlxalq səviyyəli mühüm tədbirlərin, o cümlədən Assosiasiyanın 2023-cü ildə regional konfransının İstanbulda, 2024-cü ildə isə illik konfransın və ümumi yığıncağın Bakıda keçirilməsi hər iki ölkədə güclü iqtisadi inkişafın və ictimai-siyasi sabitliyin göstəricisi olduğu vurğulanıb.
Assosiasiyanın Baş katibi Han Moraal ölkəmizin təşkilatın işinə verdiyi töhfəni yüksək qiymətləndirərək gələcəkdə də bu əlaqələrin yüksələn xəttlə inkişaf edəcəyinə əminliyini bildirib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.