Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin səlahiyyətləri azaldıldı
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin 3.0.14-cü yarımbəndi ləğv edilir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.
Qeyd edək ki, sözügedən əsasnamədə 3.0.14-cü bənd Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin obyektlərinin və digər əsas fondlarının bərpasına, tikintisinə və təmirinə dair dövlət sifarişlərinin hazırlanmasında iştirak etməyi, texniki təchizat vasitələrinin yeniləşdirilməsi işlərini həyata keçirməyi nəzərdə tuturdu.