“İmam Mehdi” alimentə görə məhkəməyə verildi

Özünü 12-ci "İmam Mehdi" kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə istintaqı davam edir.
1news.az APA-ya istinadən xəbər verir ki, iş üzrə zərərçəkmiş kimi tanınmış Mehman Baxışzadə ilə bağlı istintaq materiallarında göstərilib ki, Mehman Baxızzadə ittiham olunan Aqil Babayevi "İmam Mehdi" kimi qəbul edib, ona ümumilikdə 10 min manat pul verib. Bundan əlavə o, təqsirləndirilən şəxsin evlərinin tikintisində iştirak etsə də, zəhmət haqqını ala bilmədiyini deyib.
Zərərçəkmiş Aqil Babayevin sözü ilə birgə iki övladı olan həyat yoldaşından da ayrılıb: "İmam Mehdi söhbətlərinə görə həyat yoldaşım mənə gülürdü, bu barədə Aqilə danışandan sonra onun "şeytan" olduğunu deyərək ayrılmağı tövsiyə etdi. Bundan sonra həyat yoldaşımdan ayrılıb Aqilin sözüylə başqası ilə evləndim. Kəbinimizi də o kəsdi. Bu evlilikdən bir qız övladımız dünyaya gəlsə də, sonradan bəzi səbəblərdən boşandıq".
Mehman Baxışzadə üçüncü dəfə başqa qadınla evləndiyini, bu günə kimi də onunla birlikdə yaşadığını bildirib. İstintaq zamanı məlum olub ki, illərlə "İmam Mehdi"yə hər ay pul verdiyini iddia edən Mehman Baxışzadə birgə nikahdan dünyaya gələn qızına aliment vermədiyi üçün məhkəməyə verilib.
Zərərçəkmişin keçmiş həyat yoldaşı aliment tələbi ilə Xətai Rayon Məhkəməsində iddia qaldırıb. İddia ərizəsində Mehman Baxşızadənin övladının xərclərini ödəmədiyi, məcbur olub məhkəməyə müraciət etdiyi qeyd olunub.