Qubadlı – şanlı tariximizin zəfər salnaməsi | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubadlı – şanlı tariximizin zəfər salnaməsi

10:48 - 25 / 10 / 2022
Qubadlı – şanlı tariximizin zəfər salnaməsi

Bu gün 44 günlük Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan şanlı Ordumuzun Qubadlı şəhərini və rayonun bir neçə kəndini düşmən işğalından azad etməsindən iki il ötür.

Qubadlının azad edilməsi xəbəri ölkəmizdə böyük sevinc və coşğu ilə qarşılanmış, böyükdən kiçiyə hər kəs küçələrə axışaraq Qubadlının işğaldan azad edilməsini qeyd etmişdi. Bu gün bu sevinci yenidən yaşayırıq.

Xatırladım ki, qədim Azərbaycan diyarı olan Zəngəzur bölgəsinin Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun 30 min sakini məcburi köçkün düşərək respublikamızın müxtəlif şəhər və kəndlərində məskunlaşdırılmışdır. Rayon ərazisində mövcud olmuş 7278 fərdi yaşayış evi, 7 məscid, çox sayda sosial obyektlər, körpülər, kənd təsərrüfatı obyektləri ermənilər tərəfindən tamamilə dağıdılmışdır.

Azərbaycanın cənub-qərbində yerləşən Qubadlı rayonu Laçın, Xocavənd, Cəbrayıl, Zəngilan rayonları, eləcə də 120 km məsafədə Ermənistan Respublikası ilə həmsərhəddir. Ərazisinin əksər hissəsi dağlıqdır. Rayonun kəndlərinin əksər hissəsi Həkəri və Bərguşad çayları ətrafında yerləşir.

Qubadlı rayonunun torpaqları çox münbit və məhsuldardır. Rayonda 79812 hektar torpaq fondu mövcud olmuşdur. Rayonun ərazisi təbii dərman bitkiləri ilə zəngindir.

Faydalı qazıntılarla zəngin olan Qubadlı rayonunun kəndlərində mərmərləşmiş əhəng daşı və bir çox qiymətli yataqlar mövcud olmuşdur.

İşğal dövründə Ermənistan rəhbərliyi xaricdən gələn erməniləri Qubadlı rayonunun Xanlıq kəndində qeyri qanuni məskunlaşdırmışdı. Cenevrə Konvensiyasına görə işğal edilən ərazilərdə qanunsuz məskunlaşdırma aparan ölkə cinayət törətmiş hesab olunur. Qubadlı ərazisində Ermənistan ordusu güclü istehkamlar qurmuşdur. Rayonu işğaldan azad etmək uğrunda Azərbaycan Ordusu xüsusi qəhrəmanlıq göstərmişdir.

Azərbaycan Ordusu ilk olaraq yüksəklikdə yerləşən erməni ordusunun hərbi texnikalarını və canlı qüvvələrini məhv edərək hakim yüksəklikləri ələ keçirdi. Azərbaycan Ordusunun zabit və əsgərlərinin peşəkarlığı, fədakarlığı və qəhrəmanlığı nəticəsində oktyabrın 25-də Qubadlı şəhəri düşməndən təmizləndi və şəhər tamamilə Azərbaycan Ordusunun nəzarətinə keçdi. Noyabrın 9-na qədər Qubadlı şəhəri də daxil olmaqla 41 kəndi işğaldan azad edildi.

2020-ci il noyabrın 26-da "Qubadlının azad olunmasına görə" medalı təsis olundu. Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu "Qubadlının azad edilməsinə görə"medalı ilə təltif edilmişdir.

Prezident cənab İlham Əliyev 2020 və 2021-ci illərdə Qubadlıya səfərlər etmiş, burada rayon ictimaiyyəti ilə görüş keçirmişdir və "Qubadlı" yarımstansiyasının, eləcə də Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak etmişdir.

Qubadlı şəhəri və kəndləri yenidən qurulacaq. Qubadlı, tarixi keçmişi və memarlığı nəzərə alınmaqla ən müasir bir rayona çevriləcək.

Kamilə Əliyeva,

Milli Məclisin deputatı, professor

Paylaş:
464

Son xəbərlər

Bütün xəbərlər