Bakı-Quba yolunda baş verən ağır yol qəzasında xəsarət alan sürücünün vəziyyəti açıqlandı - Təfərrüat - FOTO - YENİLƏNİB

Bakı-Quba yolunda baş verən hadisə nəticəsində bir nəfər Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlunun müalicəsi Təcili tibbi yardım bölməsində hazırda da davam etdirilir.
1news.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova məlumat yayıb.
"Vəziyyəti orta ağırdır. Sözügedən xəstəxanada bu hadisə ilə əlaqədar ölüm faktı qeydə alınmayıb" - deyə, o bildirib.
Xatırladaq ki, hadisə zamanı Mersedes Vitada olan sürücü daxil olmaqla 6 nəfər həlak olub, tır sürücüsü xəstəxanaya yerləşdirilib
***
10:40
Bakı-Quba yolunun 98-ci km-də (Sizyəzən rayonu ərazisindən keçən hissəsində) ağır yol-nəqliyyat hadisəsi baş verib. Mersedes Vita markalı avtomobillə tır toqquşub.
Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Yol-nəqliyyat hadisəsində ilkin məlumata görə 6 nəfərin öldüyü bildirilir. Mersedes Vitada olan sürücü daxil olmaqla 6 nəfər həlak olub, tır sürücüsü xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.

