Azərbaycanın incisi Şuşaya həsr olunmuş kitab Yunanıstanda çap edilib

Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi ilə siyasi elmlər doktoru, beynəlxalq münasibətlər üzrə professor Elçin Əhmədovun “Şuşa - Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı” kitabı yunan dilinə tərcümə edilərək Afinada nəşr olunub.
1news.az AZƏRTAC-a istinadla xəbər verir ki, kitabda İkinci Qarabağ müharibəsi dövründə hərbi-siyasi və informasiya sahələrində aparılan mübarizə, əldə olunan uğurlar, beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli və çoxtərəfli diplomatik fəaliyyət, Azərbaycan Prezidentinin müharibə dövründə yerli və xarici televiziya və mətbuat orqanlarına verdiyi müsahibələr barədə məlumatlar yer alıb, eləcə də dövlətimizin başçısının müharibədən öncə iştirak etdiyi beynəlxalq forum və görüşlərindən sitatlar verilib.
Həmçinin Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin tarixi, şəhərin coğrafi mövqeyi və təbiəti, Şuşa qalası və qədim məhəllələrinin salınması, Şərq-türk-müsəlman memarlığının nadir nümunələrinin yaradılması, şəhərin strateji və mədəni əhəmiyyəti, Azərbaycan Respublikasının mədəniyyət sahəsinə bəxş etdiyi şəxsiyyətlər barədə faktlar yer alıb. Eyni zamanda, Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi və onların məskunlaşması ilə yaranan problemlər, eləcə də Azərbaycanın ictimai-siyasi və mədəni həyatında xidmətləri olan Şuşanın görkəmli şəxsiyyətləri barədə qısa məlumatlar verilib.
Kitabda görkəmli dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin Şuşaya səfəri, onun təşəbbüsü ilə keçirilən elmi-mədəni tədbirlər, milli mədəni irsin qorunması ilə bağlı həyata keçirdiyi işlər, XX əsrin sonunda Ermənistanın Azərbaycana hərbi təcavüzü, Şuşanın işğalı və mədəni soyqırımı, Şuşanın işğaldan azad edilməsinin Zəfər Günü kimi tarixə yazılması, şəhərin Azərbaycanın mədəniyyət paytaxtı, Xarıbülbülün Qarabağın azadlıq rəmzi olması, Şuşa Bəyannaməsinin tarixi və siyasi əhəmiyyəti barədə oxucular məlumatlandırılıb.
Qeyd edək ki, kitab səfirlik tərəfindən Yunanıstanın siyasi, elmi, ictimai, özəl dairələrində geniş yayılacaq.






