“Bakının baş planı hələ hazır deyil deyə kim harada, necə gəldi ev tikir” - AÇIQLAMA
Türkiyənin Kahramanmaraş vilayətində baş verən, 30 mindən çox insanın ölümünə, yüz minlərlə insanın evsiz qalmasına səbəb olub. 7.7 ballıq zəlzələdə minlərlə yaşayış binasının dağılması bir çox Bakı sakinində narahatlıq yaradıb.
Görəsən, paytaxtımızdakı həyət evləri, beşmərtəbəli və hündürmərtəbəli binaların keyfiyyəti necədir?
Məsələ ilə bağlı 1news.az-a əmlak eksperti Elnur Fərzəliyev açıqlama verib.
Ekspertin sözlərinə görə, həyət evləri və hündürmərtəbəli binaların çoxu bir-birinə yaxın tikilib, bu da müəyyən fəlakətlər zamanı vəziyyəti daha da qəlizləşdirir:
Türkiyədə baş verən zəlzələ nəticəsində hündürmərtəbəli binaların çökməsi nəticəsində hazırda 30 mindən çox insan həlak olub. Uçan binalara baxdığımız zaman görə bilərik ki, həmin binaların tikintisi zamanı keyfiyyətsiz materiallardan istifadə olunub. Zəlzələ baş verən ərazidə elə binalar var ki, onlar uçmayıb. Bakı şəhərinə gəldikdə isə ilk olaraq həyət evlərindən danışaq. Paytaxtımızın mərkəzində qiyməti çox baha olan və keyfiyyəti çox yüksək olan evlər var ki, onların güclü zəlzələlər zamanı dağılması ehtimalı çox aşağıdır. Lakin Bakının ətrafında tikilən həyət evləri var ki, onların qiyməti təxmini 30-40 min arasında dəyişir. Həmin evlər zəlzələ baş verən zaman əlbəttə ki, uçacaq. Köhnə tikili bina evlərinə gəldikdə isə həmin binaların çox qismi artıq yaşayış üçün yararsızdır. Onlar sökülüb yerinə pilot layihələr əsasında yeni binaların tikilməsi həyata keçirilir. Lakin, bu pilot layihələri də özəl şirkətlər həyata keçirir deyə, ərazi olaraq seçimi də onlar edirlər”.
Ekspert həmçinin Bakıda xeyli sayda istifadəyə yararsız, sökülməli olan bina evləri olduğunu da qeyd edib:
“Yeni tikili binalara gəldikdə isə, bizim ölkədəki yeni tikili binalar Türkiyədəki binalarla müqayisədə çox keyfiyyətlidir. Türkiyədə uçan binalara baxdıqda onlarda binanın möhkəm olması üçün istifadə edilən tikinti materiallarından az sayda görə bilərik. Bu bizim yenitikili binalarda belə deyil. Amma bir məsələ də var ki, binalar bir-birinə çox yaxın tikilib. Bir bina uçsa digərlərini də uçuracaq. Ya da zəlzələ yox, hər hansısa hadisə baş verdikdə digəri də eyni vəziyyətə düşəcək. Bu həyət evlərində də belədir. Bir-birinə yaxın tikilən, adı həyət evi olsa da həyəti olmayan evlər var ki, birində yanğın çıxsa, əlbəttə ki, digərinə keçmə ehtimalı çox yüksəkdir. Bakının baş planı hələ hazır deyil deyə, kim harada, necə gəldi ev tikir. Sabah nəsə hadisə baş versə, nəticələri pis ola bilər”.