Deputat: ““Trendyol”dan sifarişlər heç bir halda qadağan edilə bilməz”
Ötən gün Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı tədbirdə “Trendyol” satış şəbəkəsindən vətəndaşlarımızın istifadəsinin haqsız rəqabətə yol açması ilə bağlı fikirlər səsləndirib.
Bu məsələ ötən gündən geniş müzakirə olunur. Hamını “Trendyol” satış şəbəkəsindən Azərbaycana sifarişlərin qadağan olunub-olmaması məsələsi maraqlandırır.
Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablandıran Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, qanunvericilik aylıq rüsumsuz sifariş məbləğini müəyyənləşdirir və heç bir halda vətəndaşın haradan məhsul sifariş etməsi qadağan edilmir.
“Hazırda rüsumsuz elektron sifariş üçün aylıq limit 300 dollardır. Bu isə o deməkdir ki, həmin limit çərçivəsində vətəndaş qanunla qadağan olunmayan satış şirkətlərindən, o cümlədən “Trendyol”dan mal sifariş edə bilərlər. Trendyol”dan sifarişlər heç bir halda qadağan edilə bilməz”.
Deputat deyib ki, Haqsız rəqabətə gəldikdə isə, rəqabəti qadağalar ilə müdafiə etmək rasional yanaşma deyil.
“Qadağalar heç bir halda güclü rəqabət yaratmır. Bu baxımdan, “Trendyol” daxil olmaqla digər beynəlxalq ticarət şəbəkələrindən sifarişlərə qadağaların müəyyənləşdirilməsi məqsədə uyğun deyil. Azərbaycan liberal iqtisadiyyata malik ölkədir və bu sahədəki islahatlar da davam etdiriləcək. İslahatlar isə qadağalara deyil, birbaşa iqtisadiyyatın daha da ağarmasına ünvanlanıb”.