Qala Qoruğunda bayram şənliyi keçirilib - FOTO
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qala Qoruğunda bayram şənliyi keçirilmişdir.
Xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə 17 mart 2023-ci il tarixində keçirilən bayram şənliyində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə və Qoruğun əməkdaşları, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH başçısının müavinləri və Aparatın əməkdaşları, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Xəzər İnkişaf Fondunun rəhbəri Elmar Mədətov, Xəzər rayonunun Hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəsissə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
1news.az xəbər verir ki, tədbir iştirakçıları ilk öncə Xalqımızın qədim ənənələrini, dəyərlərini, mətbəxini, məişətini əks etdirən pavilyonlarla, Xəzər rayonu ərazisində fəaliyyət göstərən məktəbəqədər və orta ümumtəhsil müəssisələrindən gələn özfəaliyyət dərnəklərinin, rəqs və mahnı qruplarının folklor nümunələri və rayonda fəaliyyət göstərən idman məktəblərinin nümunəvi idman çıxışları ilə, həmçinin, açıq səma altında yerləşən Arxeoloji-Etnoqrafik Muzey Kompleksində təşkil olunmuş xalçaçılıq, daşoyma kimi qədim sənət nümunələri ilə tanış olmuşlar.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək əziz bayram günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdıraraq Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun doğma torpaqlarımızı işğaldan azad etdiyini və həmin ərazilərdə böyük çoşğu ilə Novruz bayramını qeyd etdiyimizi, şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edərək, şəhid ailələrini, torpaqlarımızın keşiyində dayanan əsgər və zabitləri, rayon ictimayyətini “Novruz bayramı” münasibətilə təbrik etdi, hər kəsə xoş bayram ovqatı arzuladı.
“İçərişəhər” DTMQİ İdarə Heyətinin sədri Şahin Seyidzadə çıxış edərək tədbir iştirakçılarını və xalqımızı qədim adət-ənənələrə söykənən bayram münasibəti ilə təbrik etdi. Daha sonra cənab Prezident İlham Əliyevin Qala Qoruğuna daim göstərdiyi diqqət və qayğıdan bəhs edərək 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yaradılmış açıq səma altında muzey kompleksinin açılışında cənab Prezidentin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakını vurğuladı. Eyni zamanda, 2009-cu il tarixində Novruz bayramının çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edildiyini qeyd etdi.
Tədbirin ikinci hissəsi rayon rəhbərliyinin və qonaqların iştirakı ilə Novruz atributları ilə bəzədilən Qala qoruğunda möhtəşəm konsert proqramı ilə davam edib.