Bakının bu ərazilərində evlərin qiyməti normaldır - Ekspert mənzil bazarında vəziyyətdən DANIŞDI
Bir evin məqsədyönlülüyü onun bizə qazandırdığı rahatlığına və funksionallığına söykənməlidir.
Ölkəmizdə yaşayış statistikasının bina evlərində üstünlük təşkil etməsinə baxmayaraq, həyət evlərinə olan tələbat bir o qədər də az deyil. Bunun səbəbi kimi, qiymət fərqi və ya şəxsi istəkləri göstərə bilərik. Bəs görəsən hazırda paytaxtımızda fərdi yaşayış evlərinə yoxsa mənzillərə üstünlük verilir?, əmlak bazarında qiymətlər necədir?, alıcılar daha çox hansı ərazilərə üstünlük verirlər?
Məsələ ilə bağlı 1news.az-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, “Vecon Consulting” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc açıqlama verib.
Ekspertin sözlərinə görə, baş verən hadisələr, təbii fəlakətlər və s. əmlak bazarına təsirsiz ötüşmür:
"Zövqlər və istəklər müxtəlifdir deyə mənzillərə və həyət evlərinə maraq fərqlidir. Lakin xüsusilə də Türkiyədə baş verən zəlzələdən sonra insanlarda belə bir fikir formalaşdı ki, bina evlərində yaşamaq təhlükəlidir. Ona görə həyət evlərinə müəyyən qədər maraq artdı. Amma ümumi götürsək, yaşayış mənzillərinin alış-satışı daha yüksəkdir. İnsanların istəklərinə görə də dəyişə bilir. Məsələn elə insanlar var ki, komfort yaşayışa üstünlük verirlər və buna görə də ev aldıqda mənzil onların diqqət mərkəzində olur. Bir başqa səbəb də odur ki, pandemiya dönəmində insanlar evdə qaldıqları zaman həyət evlərinə daha çox üstünlük verirdilər. Ancaq mənzillər hər zaman öz aktuallığını qoruyurlar. Hər hansısa bir səbəbdən dolayı fərdi yaşayış evlərinin alış-satışı artırsa bu müvəqqəti xarakter daşıyır".
V.Oruc pandemiyadan bu yana qiymətlərdə artımların hiss olunduğunu da vurğulayıb:
"Qiymətlərə gəldikdə isə 2020-ci ildən bu günə kimi mənzillərdə qiymətlər kəskin şəkildə artıb. Burada iqtisadiyyat da mühüm rol oynayır. Belə sadə izah verək, Avropanın hansı şəhərlərində iqtisadiyyat güclüldürsə, o şəhərlərdə evlərin həm kirayə, həm də satış qiyməti yüksək olur. İqtisadiyyatda canlanma olan zaman bu daşınmaz əmlak bazarına da təsirsiz ötüşmür. Bakının mərkəzi oturuşmuş ərazi hesab olunduğu üçün orada alqı-satqı elə də aktiv deyil. Mərkəz ərazilərdə çox nadirən ev satışı həyata keçirilir. Amma inkişaf etmiş və inkişaf etməkdə olan ərazilərdə mənzillərin alqı-satqısı daha aktivdir. Konkret olaraq isə Xətai, Nərimanov, Yasamal bu ərazilərə üstünlük verilir. Çünki bu ərazilər nisbətən mərkəzə yaxındır. Sakinlər ev alan zaman ictimai nəqliyyatın da həmin ərazilərdə necə fəaliyyət göstərməsinə də diqqət yetirirlər. Sonra ən çox üstünlük verilən ərazilər Əhmədli, Həzi Aslanov, Biləcəri və Binəqədir. Bu ərazilərdə mənzillərin qiyməti normaldır, həm də şəhərə nisbətən daha yaxındır. Xətai, Nərimanov, Yasamal ərazilərində tələbat yüksəkdirsə, bu o demək deyil ki, sadalanmayan ərazilərə tələbat yoxdur. Bakının demək olar ki, bütün ərazilərindən həm fərdi yaşayış evləri həm də mənzillərə maraq var".