Heydər Əliyev Fondu Nəvvaba həsr olunan kitab və sərgi təqdim edir - VİDEO
Qarabağ ədəbi mühitinin görkəmli nümayəndələrindən biri - istedadlı şair, rəssam, musiqişünas, filosof, pedaqoq Mir Möhsün Nəvvabın (1833-1918) bu il anadan olmasının 190 ili tamam olur.
1news.az xəbər verir ki, bu günlərdə Şuşada əsaslı bərpa işlərindən sonra açılan Yuxarı Gövhərağa məscidinin ərazisindəki mədrəsə binasında Heydər Əliyev Fondu tərəfindən təqdim olunan “Mir Möhsün Nəvvab Qarabaği – XIX əsrin ensiklopedik alimi” adlı sərgi, “Mir Möhsün Nəvvabın silah kolleksiyası və Şuşada silah istehsalı” adlı nəşr və Nəvvabın Şuşa işğal altında olduğu illərdə ermənilər tərəfindən dağıdılmış qəbirüstü abidəsinin bərpası Azərbaycan mədəni irsinin və tarixinin yaşadılmasına növbəti töhfə oldu.
Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunmuş sərgi bir vaxtlar onun minarəsinin ornamentlərini işlədiyi Yuxarı Gövhərağa məscidi ərazisindəki mədrəsə binasında təqdim edilir. Sərgidə Nəvvabın Milli Azərbaycan Tarixi Muzeyində qorunan və XVIII–XIX əsrlərə məxsus Azərbaycan silah sənətini özündə təcəssüm etdirən şəxsi silah kolleksiyası, şairin müəllifi olduğu, illüstrasiya çəkdiyi və Şuşada öz nəşriyyatında çap etdiyi kitablar, onun musiqi, kimya, astronomiya sahəsində fəaliyyətinin əks olunduğu eksponatlar nümayiş etdirilir. Ekspozisiyada astronomiya elmi ilə maraqlanan Mir Möhsün Nəvvabın bu sahə üzrə çəkdiyi cədvəllər, səma cisimlərinin yerləşməsi və Günəş tutulmaları ilə bağlı sxemləri də təqdim olunur.
Nəvvabın rəssam və musiqi nəzəriyyəçisi kimi fəaliyyəti ilə bağlı ayrı-ayrı kitablar çap olunsa da, onun fəaliyyətini bütövlüklə əks etdirən nəşr mövcud deyildi. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, Mədəniyyət Nazirliyinin yaxından iştirakı ilə ilk dəfə olaraq “Mir Möhsün Nəvvabın silah kolleksiyası və Şuşada silah istehsalı” adlı kitab nəşr edilib. Kitabda Nəvvabın tərcümeyi-halı, həyat və yaradıcılığı haqqında məlumat verilir, maarifpərvər fəaliyyəti işıqlandırılır. Kitab Mir Möhsün Nəvvab Qarabağinin indiyədək məlum olmayan irsinə - topladığı Azərbaycan silahları kolleksiyasına həsr olunub. Nəşrin hazırlanmasında arxiv və muzey materiallarından istifadə edilib. Azərbaycan və ingilis dillərində nəşr edilən kitabda əksəriyyəti ilk dəfə işıq üzü görən 100-dən çox foto, rəsm, sxem və xəritələr təqdim edilib.