Taleh Kazımov: Mərkəzi Bank inflyasiyanı 8,3 % olaraq proqnozlaşdırıb.
İki qurumun inlfyasiya proqnozları arasındakı fərq normaldır.
1news.az xəbər verir ki, bu barədə bu gün Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
“Burada bildirildi ki, inflyasiya proqnozdan daha yüksək olacaq. Amma mən yenə bildirirəm ki, buna az inanıram. Mərkəzi Bank inflyasiyanı 8,3 % olaraq proqnozlaşdırıb. İki qurumun inlfyasiya proqnozları arasındakı fərq normaldır. İqtisadiyyat Nazirliyinin verdiyi proqnozlar orta illik inflyasiyanın göstəricisidir. Mərkəzi Bank isə rüblük inflyasiya proqnozları verir. Bu isə keçən ilin istehlak səbəti ilə bu ilin istehlak səbətinin müqayisəsidir”, - deyə o qeyd edib.
T.Kazımov vurğulayıb ki, bu aydan AMB həm inflyasiya proqnozları verəcək, həm də iqtisadiyyatın digər sahələrinə dair proqnozlar açıqlayacaq. “Bura ÜDM, qeyri-neft ÜDM-i və digər makroiqtisadi göstəricilərə dair aktiv proqnozlaşdırma daxil olacaq. Bunu ildə dörd dəfə, yəni rüblük olaraq edəcəyik. Bu, beynəlxalq bir praktikadır", - deyə o qeyd edib.