FHN: Yevlaxda su basmış yerlərdən suyun kənarlaşdırılması işləri davam etdirilir - FOTO

Ötən gecə əsən güclü külək, habelə intensiv yağışlar Yevlax şəhərində bir sıra fəsadlara səbəb olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə güclü külək nəticəsində şəhərdəki bəzi tikililərin dam örtüyünün qoparaq ətrafa dağılması, irigövdəli ağacın aşaraq hərəkətə mane olması və bir sıra yerlərin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.
Bu barədə 1news.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Dərhal əraziyə FHN-in Aran Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq xilasedicilər tərəfindən gecə saatlarında ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Bununla yanaşı, hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilir.



