Azərbaycan və Qazaxıstan Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə əməkdaşlıq edəcək
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında nəqliyyat sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə əməkdaşlıq Memorandumu imzalanıb.
1news.az xəbər verir ki, sənədə Baş nazir Əli Əsədovun Bakıda rəsmi səfərdə olan Qazaxıstanın Baş naziri Alixan Smailov ilə görüşü çərçivəsində imza atılıb.
Xatırladaq ki, Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.