Paytaxt sənayesində qeyri-dövlət sektorunun payı 88,1 faiz olub
2023-cü ilin yanvar-may aylarında paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 25,2 milyard manat təşkil edib.
1news.az Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, sənaye məhsulunun 81,7 faizi mədənçıxarma, 15,9 faizi emal, 1,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 88,1 faizdir. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 93,1 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 6,9 faiz təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 2023-cü il 1 iyun vəziyyətinə 432,3 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 59 milyon manat məbləğində digər məhsullar da mövcud olub.