Paytaxtın bəzi küçələrində sürət həddi endirilib - FOTO
Bakıda Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrində sürət həddi 60 km/saatdan 50 km/saata endirilir və bu gündən hər iki yol sahəsində müvafiq yol nişanlarının quraşdırılmasına başlanılıb.
Bu barədə 1news.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Qeyd edilib ki, Bakı şəhərində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarəolunması məqsədilə tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində daha bir neçə yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlanıb və Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılıb.
Qeyd edək ki, statistikalar paytaxt ərazisində baş verən yol nəqliyyat hadisələrinin əsas səbəblərindən birinin də yüksək sürət həddi olduğunu göstərir. Avtomobil yollarında icazə verilən sürət hədlərinin optimallaşdırılması Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda da öz əksini tapıb.