Partiyaların qəbul etdikləri ianələr barədə məlumatların təqdim edilməsi qaydası müəyyənləşib
Siyasi partiyalar qəbul etdiyi ianə barədə məlumatları 10 gündən gec olmayaraq MSK-ya təqdim edəcəklər.
1news.az-ın xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Qərara əsasən, siyasi partiyalar ianəni qəbul etdiyi tarixdən 10 (on) gündən gec olmayaraq, bu barədə aşağıdakı məlumatları Mərkəzi Seçki Komissiyasına bu Qaydanın əlavəsində göstərilmiş formada ərizə ilə müraciət etməklə təqdim edəcəklər:
- ianə qəbul edən siyasi partiyaya münasibətdə: 1. siyasi partiyanın adı, qərargahın yerləşdiyi yer (hüquqi ünvanı), VÖENi;
- siyasi partiyanı təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxsin soyadı, adı, atasının adı, doğulduğu tarix, yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və etibarlılıq müddəti, fərdi identifikasiya nömrəsi (FİN), əlaqə telefon nömrəsi;
- ianə verən Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxsə münasibətdə – soyadı, adı, atasının adı, doğulduğu tarix, yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan, şəxsiyyətini təsdiq edən 4 sənədin nömrəsi və etibarlılıq müddəti, fərdi identifikasiya nömrəsi (FİN), əlaqə telefon nömrəsi;
- qəbul edilən ianəyə münasibətdə:
- qəbul edildiyi tarix;
ianənin məbləği, əmlak olduğu halda tərkibi, bazar qiyməti ilə müqayisədə imtiyazlı şərtlərlə verilmiş əmlakın (o cümlədən verilmiş borc (kredit) və s.), görülmüş işin və ya göstərilmiş xidmətin dəyərinin onun bazar qiymətindən aşağı olan hissəsi, habelə öhdəliyin zamin tərəfindən icrasına görə, həmçinin borcun bağışlanmasına, müddətin keçməsinə və ya öhdəliyin bilavasitə siyasi partiya tərəfindən icra edilməsi ilə bağlı olmayan digər hallara görə onun xitamı nəticəsində əldə olunan pul vəsaiti və ya digər əmlak (onun dəyəri).
Ərizə ianəni qəbul edən siyasi partiyanı təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs tərəfindən imzalanır və siyasi partiyanın möhürü ilə təsdiq edilir.
İanə pul vəsaiti şəklində olduqda ianənin siyasi partiyanın bank hesabına köçürüldüyünü təsdiq edən sənəd, ianə bu Qaydanın 1.3.1-1.3.4-cü yarımbəndlərində qeyd olunan digər formalarda qəbul edildikdə isə müvafiq təsdiqedici sənədlər ərizəyə əlavə edilməlidir.
Siyasi partiya tərəfindən təqdim edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar olunduqda, Mərkəzi Seçki Komissiyası həmin sənədlər daxil olduğu tarixdən 5 (beş) iş günü müddətində onların aradan qaldırılması üçün sifarişli poçt göndərişi vasitəsilə siyasi partiyaya göndərir.
Sənədlərdə aşkar olunmuş çatışmazlıqlar 5 (beş) iş günü müddətində aradan qaldırılmadıqda, Mərkəzi Seçki Komissiyası müraciətin baxılmamış saxlanılması haqqında məlumatı sifarişli poçt göndərişi vasitəsilə siyasi partiyaya göndərir. Çatışmazlıqları aradan qaldırdıqdan sonra siyasi partiya tərəfindən Mərkəzi Seçki Komissiyasına yenidən ərizə ilə müraciət edilə bilər.