Sabiq icra başçısının cəzası azaldıldı

Kürdəmir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ceyhun Cəfərov və onunla birlikdə məhkum edilmiş şəxslərin kassasiya şikayətlərinə baxılıb.
1news.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən iclasda Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib.
Qərara əsasən, Ceyhun Cəfərovun cəzası 4 il 6 aya endirilib.
Bundan başqa Tacəddin Novruzovun cəzası 4 il 5 aya, Eynulla Novruzov, Mətləb Allahverdiyev, Rəcəb Hüseynov, Məhəmməd Musayevin cəzası isə 4 il 4 aya endirilib.
Xatırladaq ki, C.Cəfərov və digər eks-vəzifəlilər 2020-ci ilin avqustunda korrupsiya cinayətləri ilə bağlı həbs olunublar.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov 8 il 6 ay, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Sonradan Şirvan Apellyasiya Məhkəməsi Ceyhun Cəfərovun cəzasını 6 ilə, digərlərininkini 5 il 6 aya endirib.