Azərbaycan İsraillə ərzaq təhlükəsizliyində birgə fəaliyyətlə bağı müzakirə aparıb - YENİLƏNİB
Azərbaycan və İsrail investisiya, ərzaq təhlükəsizliyi, su təsərrüfatı, kənd təsərrüfatı və bu sahədə elmi-tədqiqat üzrə əməkdaşlığın inkişaf perspektivlərini, Azərbaycan məhsullarının İsrailə ixracının artırılması məsələlərini müzakirə ediblər.
1news.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixter arasında keçirilən videokonfrans formatında görüşdə aparılıb.
M. Cabbarov yüksək səviyyəli əlaqələrə malik ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb, Azərbaycanda əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı barədə məlumat verib.
Nazir İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması, əməkdaşlığın inkişafı imkanlarını diqqətə çatdırıb, bu ölkədən olan iş adamlarını Azərbaycanın işgüzar mühitindən yararlanmağa və fəal tərəfdaşlığa dəvət edib.
A. Dixter ölkəsinin Azərbaycanla iqtisadi, o cümlədən aqrar sahədə əməkdaşlığın inkişafına mühüm önəm verdiyini qeyd edib, tərəfdaşlığın gücləndirilməsi barədə fikirlərini bölüşüb.
Görüşdə Azərbaycan-İsrail iqtisadi-ticarət əməkdaşlığının mövcud vəziyyəti və şaxələndirilməsi perspektivləri, kənd təsərrüfatı sahəsində birgə fəaliyyət imkanları barədə müzakirələr aparılıb.
***
Saat 14:54
Azərbaycan İsraillə ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə fəaliyyət imkanları barədə müzakirələr aparıb.
1news.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
M. Cabbarov qeyd edib ki, bu barədə müzakirələr İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixterlə videokonfrans formatında keçirdiyi görüşdə aparılıb.
Nazir vurğulayıb ki, İsraillə iqtisadi-ticarət əməkdaşlığının mövcud vəziyyəti və şaxələndirilməsi perspektivləri, kənd təsərrüfatı sahəsində birgə fəaliyyət imkanları barədə müzakirələr aparılıb.