Tural İsmayılov: “Baş verənlər Ermənistanın layiqli cavab almağını zəruri edən bir hadisəyə çevrilir”
“Ermənistanın Azərbaycana qarşı çoxvektorlu cinayətləri davam edir”.
Bu sözləri 1news.az-a Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, ekspert Tural İsmayılov Ermənistan ordusunun təxribatları ilə bağlı açıqlamasında deyib.
“Təbii ki, bu cinayət işlərinin davam etməsi nəticəsində mülki əməkdaşlarımız polislərimiz və hərbçilərimiz şəhid olurlar. Təəssüflər olsun ki, bu günə qədər Xankəndidə yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarını siyasi manipulyasiya etmək məcburiyyətində qaldıqlarını hiss edən bəzi xarici dairələr Azərbaycana qarşı həyata keçirilən mina terroruna indiyə qədər səs çıxarmayıblar. Artıq 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə mina terroru daha sistematik, daha dəhşətli bir vəziyyət alıb. Bir gecənin içərisində bu qədər Azərbaycan vətəndaşının Ermənistanın növbəti terroruna qurban getməyi bütün dünyanı narahat etməli olan bir məsələdir. Bir tərəfdə Azərbaycan dövlətinin sülhpərvər mövqeyi var və Azərbaycan dünyada yeganə presedentlərdən birini yaradır. Biz 30 il ərzində torpaqlarımızın işğalı dövründə Ermənistana hər zaman barış əli uzatmışıq və müharibəni heç vaxt əsas variant kimi nəzərdən keçirməmişik. Eyni zamanda torpaqlarımızı işğal edən dövlətə müharibədən sonrakı dövrdə belə sülhlə bağlı dəfələrlə çağırışlar etmişik. Azərbaycan Ermənistana 5 maddəlik sülh təklifi göndərib. Lakin görürük ki, bu günə qədər Ermənistan tərəfindən Azərbaycanın göndərdiyi təkliflərə qarşı qeyri-səmimi münasibət göstərilir. Bu gün Ermənistan hakimiyyətinin Azərbaycan ərazilərində həyata keçirdiyi çoxvektorlu terror hadisələri əsla qəbuledilən bir hadisə deyil. Bütün bunlar Ermənistanın növbəti dəfə bölgədə müharibəyə hazırlaşdığını və vəziyyəti qəsdən gərginləşdirməyə çalışdığını göstərir. Artıq günlərdir şərti sərhədlərdə silahların susmaması, mina terroru ilə Azərbaycan vətəndaşlarının öldürülməsi, Ermənistanın etnik zəmində 21-ci əsrin qayda-qanunlarına uyğun gəlməyən neofaşist siyasətinin dövlət ideologiyası halına gətirilməsi bütün bölgəni təhdid edir. Bu da Ermənistanın layiqli cavabı almağını zəruri edən bir hadisəyə çevrilir”.
Xatırladaq ki, bu gün səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus və sözügedən yolda çalışan “Howo” markalı yük maşını tank əleyhinə minaya düşüb. Nəticədə agentliyin 2 əməkdaşı həlak olub. Həmçinin qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində 4 polis həyatını itirib. Sentyabrın 19-u saat 11:45 radələrində isə Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb.
Qeyd edək ki, Azərbaycan Ordusu Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlayıb.