İctimai nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində hansı işlər görülür? – AYNA açıqladı
İctimai nəqliyyatın hərəkətinin tənzimlənməsi və daşıma imkanlarının artırılması istiqamətində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən paytaxtın bir sıra ərazilərində tədbirlər həyata keçirilib.
Qurumdan 1news.az-a verilən məlumata görə, “28 May” metro stansiyası ətrafında yolun hərəkət hissəsində dayanma-durma qaydalarını pozan nəqliyyat vasitələri yığışdırılmaqla ictimai nəqliyyatın hərəkətində fasiləsizlik təmin edilib.
Analoji tədbirlər “Koroğlu” metro stansiyasının qarşısında da görülüb. Kənar müdaxilə nəticəsində vaxtilə əraziyə yerləşdirilən beton məhəccərlər yığışdırılıb və avtobusların dayanacağa yaxınlaşması üçün şərait yaradılıb.
Sərnişindaşıma imkanlarının artırılması üçün daşıma göstəricisi aşağı olan marşrutlara avtobuslar əlavə olunur. Ötən gün Bakı şəhərində müntəzəm avtobus marşrutlarına 2011 ədəd nəqliyyat vasitəsi çıxarılıb.
Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.