Erməni deputat AŞPA-nın iclasında təxribata əl atdı, Sevinc Fətəliyeva onu susdurdu
“Yaxşı məşq edilmiş, yaxşı hazırlanmış tamaşalarınız bir vaxtlar Avropa tamaşaçıları arasında uğur qazansa da, indi artıq pis teatrı xatırladır”.
1news.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva 19 sentyabr tarixində AŞPA-nın sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin iclasında gündəlikdə olmayan məsələ barədə müzakirə açan, təxribata əl atan, Azərbaycanı ittiham edən erməni deputata cavab olaraq deyib.
S.Fətəliyeva deyib ki, Ermənistan öz öhdəliklərini yerinə yetirsəydi, bu vəziyyət baş verməzdi.
“Üçtərəfli bəyanatın əsas öhdəliklərindən biri qeyri-qanuni erməni ordusunun Qarabağdan çıxarılmasıdır. Hazırda Azərbaycan ərazisində 10 min qeyri-qanuni erməni əsgəri var. Qarabağ bölgəsində hələ də qalmaqda davam edən erməni silahlı birləşmələrinin ordumuza və işğaldan azad edilən ərazilərdə yaşayan və fəaliyyət göstərən Azərbaycan vətəndaşlarına qarşı intensiv şəkildə həyata keçirdiyi təxribatlar günahsız vətəndaşlarımızın həyatına son qoyması prossesi bu gün də davam etdirilir. Bir gündə yalnız iki mülki şəxs və dörd hərbçi mina partlayışı nəticəsində həlak olub. Bundan başqa, minaatanların hücumu nəticəsində iki hərbçi yaralanıb. Ermənistan silahlı qüvvələri Üçtərəfli Bəyanata zidd olaraq hələ də geri çəkilmək istəmədiyindən, mümkün genişmiqyaslı təxribatlarının qarşısının alınması üçün Azərbaycanın antiterror tədbirləri həyata keçirilməyə başlanıb. Azərbaycanın suveren ərazilərində beynəlxalq hüquq normalarına zidd olaraq istənilən hərbi mövcudluq regional sülh və təhlükəsizliyə ciddi təhdiddir və Azərbaycanın bu günki fəaliyyəti bu qanunsuz qüvvələrin sıradan çıxarılmasına və marionet rejiminin dağıdılmasına yönəlib. Azərbaycan mülki erməni sakinlərini hədəfə almır və bununla bağlı hər hansı iddia əsassız və qəbuledilməzdir”.
“Fakt budur ki, Qarabağ bölgəsi Azərbaycanın bir hissəsidir” – deyə, deputat əlavə edib:
“Hazırda Azərbaycanın bütün hərbi tədbirləri Azərbaycanın daxilində aparılır. Ermənistana qarşı heç bir işğal iddiamız yoxdur. Azərbaycanın öz ərazisində antiterror tədbirləri həyata keçirir. Azərbaycan dəfələrlə bəyan edib ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunun davam etdirməsi regional sülh və sabitliyə ciddi təhdiddir. Hər bir dövlət kimi Azərbaycanın da öz ərazisində terrorçuları məhv etmək kimi suveren hüquqi var. Nə qədər ki, Qarabağda 10 min qeyri-qanuni erməni ordusu var, regionda sülhdən danışmaq mümkün olmayacaq. Bölgədə sülhə və sabitliyə nail olmağın yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tam çıxarılması və marionet rejiminin ləğv edilməsidir”.