“Erməni silahlı dəstələrinə məxsus quldurlar Azərbaycan qanunları qarşısında cavab verəcəklər”
“Unutmamalıyıq ki, 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal altında saxlanıldı”.
Bu sözləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
“Azərbaycanlılara qarşı ermənilər tərəfindən soyqırım və hərbi cinayətlər törədildi. Azərbaycanlıların evləri, infrastrukturları, mədəni, tarixi, dini abidələri darmadağın edildi. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan 44 günlük Vətən müharibəsində zəfər çaldıqdan sonra belə Ermənistana sülh təklifi etdi və cənab prezident İlham Əliyev humanist addım ataraq regionda uzunmüddətli və dayanıqlı sülhün əldə olunması üçün yolu seçdi. Təəssüflər olsun ki, erməni hərbi-siyasi rəhbərliyi hər dəfə sülhdən dəm vuraraq sülhə hazır olduqlarını söyləsə də, real addımlarda bunu etmədilər. Təxribatlar törətdilər və mütəmadi olaraq azərbaycanlıların şəhid olmasını, Azərbaycan ərazilərində terror aktlarının törədilməsini reallaşdırdılar”.
Deputat qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistanın bu əməllərini nəhayət ki, görməlidir.
“Ermənistanın havadarları və Ermənistana dəstək olan beynəlxalq təşkilatlar, beynəlxalq güclər Ermənistanın əsl simasının nədən ibarət olduğunu anlamalıdırlar. Azərbaycanın sülh mövqeyini dəstəkləmədiyi üçün Ermənistana real təzyiqlər tətbiq edilməlidir. Azərbaycan Ermənistandan fərqli olaraq, yalnız lokal antiterror tədbirlər keçirir. Bu antiterror tədbirləri ilə qanunsuz erməni silahlı dəstələrinin yerləşdiyi ərazilər, onlara məxsus hərbi texnikalar, onların formalaşdırdığı müşahidə məntəqələri və təhlükə hesab edilən əraziləri sərrast nişan alınaraq məhv edilir. Burada hərbi güclərin cəmləşdiyi ərazilər nəzərdə tutulur. Qətiyyən dinc sakinlər və vətəndaşlar hədəfə alınmırlar. Ermənilərdən fərqli olaraq biz yalnız əli silah tutan və azərbaycanlılara təhlükə mənbəyi hesab olunan hərbi birləşmələrin, seperatçıların, quldur dəstələrinin zərərsizləşdirilməsini həyata keçiririk. Bununla yanaşı, Azərbaycan bütün humanitar qaydalara, beynəlxalq hüquq və komissiyalara riayət edir. Ermənistanın və seperatçıların yaydığı dezinformasiyalar həqiqətə uyğun deyil. Azərbaycan keçirdiyi antiterror tədbirlərin bir qisminin video görüntülərini media vasitəsilə yayıb. Düşünürəm ki, bu kifayət qədər tutarlı faktlardır".
"Biz buna əsaslanaraq deyə bilərik ki, Azərbaycan lokal antiterror tədbirlər keçirməklə Konstitusiya quruluşunun bərpa edilməsini, Azərbaycan hərbçiləri və vətəndaşlarına təhlükə yaradan mənbələrin aradan qaldırılmasını həyata keçirir" - deyə, deputat əlavə edib:
"Eyni zamanda Azərbaycan ilk gündən humanitar dəhlizi açıq elan edib. Xankəndi və onun ətrafında yaşayan erməniəsilli əhali asanlıqla ərazilərindən çıxaraq Ermənistana səfər edə bilirlər. Həmçinin bu ərazilərdə Azərbaycan qanunlarına riayət edərək yaşamaq niyyətində olan vətəndaşlar öz həyatlarını, öz yaşamlarını davam etdirirlər. Bir sözlə, separatçılar erməniəsilli əhalini əsarətdə saxlayırlar. Onlar erməniəsilli əhalini əsarətdə saxlamaqla öz qanunsuz rejimlərini və qondarma qurumlarının müddətini uzatmaq istəyirlər. Azərbaycan tərəfi isə buna 3 ilə yaxın səbr edir, humanistlik göstərir. Ancaq ermənilər bundan su-istifadə etməkdədirlər. Bu baxımdan da, beynəlxalq hüquq və konvensiyalara söykənərək lokal xarakterli antiterror tədbirləri keçirməkdə düzgün və haqlı mövqe sərgiləyir. Biz Azərbaycan vətəndaşlarının və hərbçilərinin şəhid olmasına göz yuma bilmərik. Azərbaycan tərəfi Ermənistanla anladığı dildə danışmaq və Ermənistanı üçtərəfli bəyanatın müddəalarına əməl edərək Azərbaycan ərazilərində saxladıqları qanunsuz silahlı birləşmələrini tərk-silah edərək bu ərazilərdən çıxarmağa çağırır. Əks təqdirdə azərbaycanlılara qarşı cinayət törətmiş erməni silahlı dəstələrinə məxsus quldurlar Azərbaycan qanunları qarşısında cavab verəcəklər. Düşünürəm ki, lokal xarakterli antiterror tədbirləri qısa müddətdə yekunlaşacaq”.
Xatırladaq ki, Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub. Nəticədə 19 sentyabrda Azərbaycan Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlayıb.